Məktəblərin mühafizəsi necə həyata keçirilir?-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 23:31 13.03.2024

Ötən gün sosial şəbəkələrdə yayılan və hər kəsin, xüsusi ilə məktəblilərin və onların valideynlərinin narahatlığına səbəb olan hadisə məktəblərin mühafizəsi məsələsini gündəmə gətirdi. Bu gün aidiyyəti qurum cəmiyyəti düşündürən həmin problemin tezliklə həll ediləcəyini açıqlayıb. 

 

Hazırda respublika ərazisindəki təhsil müəssisələrinin əksəriyyətində mühafizə sistemi yoxdur. Bu da Valideynləri narahat edən əsas məsələdir. Bu problemin artıq aidiyyəti qurumları da düşündürür.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova bildirib ki, Bakı şəhər təhsil idarəsi olaraq, məktəbəqədər və ümumi təhsil dövlət agentliyi olaraq, elm və təhsil nazirliyi olaraq bütövlükdə biz tədbirlər görürük ki, məktəblərdə son zamanlarda olan tədbirlər, yəni hadisələr təkrarlanmasın.

 

Amma məktəblərin qorunması hansı üsulda aparılacaq, sistem necə qurulacaq hələ ki, məlum deyil. Ekspertlər də bu məsələ ilə bağlı ümidverici danışmır.

 

Təhsil eksperti Elmin Nuri qeyd edib ki, məktəblərdə baş verən neqativ hadisələrdən sonra nə yaxşı ki, rəsmi qurumlar tərəfindən məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı qərarlar verildi:

 

"Doğrudur, əvvəllər də bununla bağlı müəyyən addımlar atılıb, amma nəticə onu göstərdi ki, boşluqlar çox idi. Mənim gözləntilərim o qədər də çox deyil".

 

Qurumun məktəblərlə bağlı digər yeniliyi şagirdlərin davranışları və onların təhsil almaları ilə bağlıdır. 

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri əlavə edib ki, şagird davranışları ilə bağlı qaydalar tətbiq edilib:

 

"Hazırda bu pilot layihə kimi fəaliyyət göstərir. Bakı şəhəri üzrə 62 məktəbdə artıq tətbiq olunur və bu pilot layihənin ilkin manitorinqi onu göstərir ki, müsbət nəticələr görürük. Növbəti tədris ili üçün artıq bizdə bir elektron portal yaradılacaq hardaki həm valideyn öz övladının nəticələrini nailiyyətlərini hansısa davranış məsələlərini izləyə biləcək".

 

Ekspert İlqar Orucov qeyd edib ki, valideynlərlə məktəb arasındakı kommunikasiyanın yaxşılaşdırılması üçün bütövlükdə ənənəvi adətlərlə bərabər digər tərəfdən rəqəmsallaşmanın imkanlarını dəyərləndirilməsi baxımından yeni yaranacaq sistem olduqca vacibdir:

 

"Valideyn deyir, evə gec gəlir, işi çoxdur, kifayət qədər məşğuldur, amma o iş yerində zamandan, məkandan asılı olmayaraq övladının məktəbdəki həm davranışını, həm onun gündəlik olaraq aldığı qiymətləri, nümayiş etdirdiyi biliklərlə bağlı məlumatları əldə edə biləcək izləyə biləcək".

 

Haqqında danışılan sistem Bakı ilə yanaşı tədricən bölgələrdə də tətbiq ediləcək.