Motosiklet qəzalarında azalma var?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:52 13.03.2024

Ötən ilin sonlarından dövlət qeydiyyat nişanı olmayan motosikletlər və ya mühərrik həcminə görə bəzi mopedlər yola çıxa bilməzdi. Onları idarə edən şəxslərin də sürücülük vəsiqəsi olmalıdır. Tətbiqinə yeni başlanılan qanun baş verə biləcək qəzaların qarşısını almağa hesablanmışdı. Çünki, nömrə də olmadığı üçün sənədsizlər heç bir məsuliyyət daşımırdı və yol hərəkəti qaydalarını tez-tez pozurdu. Bəs necə oldu, qanun işə yaradımı? İndi qəzaların sayında azalma varmı?

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ilk növbədə bu insanlar öz təhlükəsizliyini düşünməlidirlər:

 

"Sutkanın qaranlıq saatlarında moped idarə edən cavan vətəndaşlarımız həmin mopedin fənərini yandırmırlar. Və yaxud da günorta saatlarında avtomobilin sol zolağı ilə hərəkət edirlər. Biz onları nədəsə ittiham etmirik, biz sadəcə tövsiyələrimizi veririk. Biz müşahidə edirik ki, moped sürən vətəndaşlarımız elementar yol hərəkəti qaydalarına əməl etmirlər".

 

Onların qayda pozuntuları həm də piyadalar üçün təhlükəlidir. Gün ərzində həmin təhlükələrdən yayınmağı bacaran yüzlərlə şəxs Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə şikayətlə müraciət edir ki, Motosiklet və ya Moped sürücüləri məsuliyyətə cəlb edilsin. 

 

BŞDYPİ-nin bölmə rəisi Tuğrul Nəsirli qeyd edib ki, apardığımız müşahidələr göstərir ki bəzən moped sürücüləri piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə, eləcə də yolun hərəkətsiz hissəsində sıxlıq müşahidə olunan ərazilərdə xaotik hərəkət edərək digər nəqliyyat vasitələrinin sürücülərinin də hərəkətinə maneə yaradırlar:

 

"Təbii ki bu hal aşkarlandığı təqdirdə əməkdaşlar tərəfindən həmin moped sürücüləri saxlanılır və barələrində Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 338ci maddəsinə uyğun olaraq da protokol tərtib olunur".

 

Bir sözlə, sürücüsündə vəsiqənin, Motosikletində isə dövlət qeydiyat nişanının olması nəticəyə o qədər də təsir etməyib. Deməli cibindəki sürücülük vəsiqəsi ilə paralel, həm də sürücü olmaq, qaydalara əməl etmək vacibdir.