Sosial şəbəkələrdə dələduzluq halları çoxalıb-Ekspertdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 19:44 14.03.2024

Son vaxtlar sosial şəbəkələrdə dələduzluq halları artmaqda davam edir. İnsanların inamından və məlumatsızlığından istifadə edərək müxtəlif yardım kampaniyaları adı altında onları aldadır, bank hesablarını ələ keçirərək maddi ziyan vururlar.

 

Bəs insanlar bu tələyə düşməmək üçün nələrə diqqət edilməlidir? İnsanlar öz şəxsi bank hesablarını necə qoruya bilərlər? Bu hallarda hansı tədbirlər görülməlidir?

 

Mövzu ilə əlaqədar İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "İnformator.az"-a açıqlama verib.

 

Ekspert bildirib ki, bu kimi hallar ilk olmadığı kimi son da olmayacaq. 

"Unutmamaq lazımdır ki, hücumda olan şəxs həmişə müdafiə olunandan 1 addım öndə olur. Kiberdələduzlar hər zaman mənfi əməllərini həyata keçirmək üçün, müxtəlif üstün metodlar həyata keçirirlər. Bəzən istifadəçilər şirnikləşdirici kompaniyaların toruna düşür və aldanırlar. Ona görə də bu tipli məsələlər ilə qarşılaşmadan əvvəl soyuqqanlı davranmağa ehtiyac vardır. Ən sadə vətəndaş kompaniyanı elan edən qurumun rəsmi veb adresindən və qaynar nömrəsindən bu xəbərin doğruluğunu yoxlaya bilər. Bir qədər məlumatlı olan şəxs isə, domen adreslərdən, açılan pəncərədən bənzədilməni anlayacaqdır. Atalar məsəlində deyildiyi kimi: Unutmayın ki, pulsuz pendir siçan tilovunda olar!".

 

 

Bəhruz Əliyev insanların əməl etməli olduğu bəzi təhlükəsizlik tədbirlərini qeyd edib: 

1. "Google Play" və "App Store" da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin!

2. "Google Play" və "App Store"-dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu əsla yükləməyin!

3. Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin!

4. Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın!

5. Mümkün qədər pulsuz amma, global olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır! 

6. Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər! 

7. Sizə gələn tanımadığınız mesaj və e-mail-ləri açmayın. Təsadüfən açsanız içərisində olan linkləri və əlavə faylları açmayın, yükləməyin! 

8. Gələn E-mailin adres sonluğuna və linklərin domen adlarına xüsusi diqqət yetirin! 

9. Avadanlığınızı daimi olaraq “UPdate” edin!

10. Daimi olaraq, maariflənmək və öyrənmək lazımdır. Ehtiyatlı və tədbirli olun!

 

 

Aydan İsayeva