Taksi qiymətləri bahalaşacaq?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:59 15.03.2024
"Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq".
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib. Nazir müavini yaydan bəri taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını diqqətə çatdırıb. Bəs görəsən taksilərin sayının azaldılması qiymətlərə təsir göstərəcəkmi?
Bu haqda nəqliyyat eksperti İlqar Hüseynov informator.az-a açıqlama verib. O bildirib ki, taksi xidmətində bu gün fəaliyyət göstərən insanların sayı 67 minə çatıbsa, demək bazarda bu işə tələb-təklif getdikcə artır:
Ehtiyac yarandıqda həmin insanlar bu işə cəlb olunurlar. Əgər taksi saylarını 67 mindən 20 minə endirməyi planlaşdırırıqsa, düşünməliyik ki, 47 min şəxs öz işindən məhrum olacaq. Alternativ xidmət təklif etməklə, iş yeri yaratmaqla bu problemi həll etmək mümkündür. Taksi şirkətlərinə də müəyyən sayda taksi fəaliyyəti göstərməsini qeyd etməliyik. Hazırda onlayn şəkildə taksi şirkətlərindən qeydiyyatdan keçdikdən sonra fəaliyyətə başlayan yüzlərlə insanlar var ki, qanunvericilikdə onlara müdaxilə etmək olmaz. Çünki vergisini ödəyərsə, tələb və normativləri yerinə yetirərsə, taksi kimi fəaliyyət göstərmərməsi qanunidir".
Ekspertin sözlərinə görə, taksilərin sayının azalması gediş haqqının qalxmasına gətirib çıxaracaq.
Gülay Qəribova