Unutqanlığın əsas səbəbləri -Açıqlama
Bölmə: Sosial › ,Tarix: 21:22 15.03.2024
Çox insanda unutqanlıq halları tez-tez baş verir. Ani olaraq edəcəyimiz işi və ya deyəcəyimiz sözü unuduruq.
Ailə və uşaq psixoloqu Aynur İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, unutqanlıq heç bir nevroloji xəstəliklə bağlı deyilsə, bunun səbəbi diqqətin zəifliyidir.
"Uşaq vaxtında bunun fərqində olmuruq, yaşlandıqca informasiyaların çoxluğu bizim unutqanlığımıza səbəb olur. Diqqət ləngliyi olan insanlarda unutqanlıq daha çox olur. Az əvvəl dediyi sözü və ya görməli olduğu işi unudur. Diqqət əskikliyinə səbəb olan amil isə sensor telefon, planşet və sürətli proqramlardır".
Psixoloqun sözlərinə görə, bizim diqqətimizlə öyrəndiyimiz dərs metodu fərqlidir. Məsələn hər hansı videonu izləmək və ya oyun oynamaq 5 dəqiqə vaxtımızı alacaq. Amma biz öyrəşmişik ki, dərs sistemi bizim 45 dəqiqə vaxtımızı alır. İstifadə etdiyimiz texnikalar sürətlidir və bu da unutqanlımıza şərait yaradan amillərdəndir.
"Unutqanlıq xəstəliyinin nevroloji tərəflərindən biri alzheimer xəstəliyidir. Bu xəstəlik sağalmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəlikdən əziyyət çəkən şəxslərin beyinlərindən hər şey silinir, hətta öz doğmalarını da tanımırlar. Unutqanlığı aradan qaldırmaq üçün telefonlardan, sosial şəbəkələrdən az istifadə etmək və daha çox mexaniki işlərə köklənmək, diqqəti dağıda biləcək işlərdən uzaqlaşmaq lazımdır".
Asiman Hafizqızı