Qiymətlər “ceyran belində”: Hansı sərfəlidir? -MÜQAYİSƏ
Bölmə: Sosial › ,Tarix: 22:46 15.03.2024
Ötən illərdə olduğu kimi bu il də şəhərin müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar bayram yarmarkaları təşkil edilib.
Bayrama aid müxtəlif məhsulların, dekorların satıldığı bu yarmarkalardakı qiymətlər, bu qiymətlərin marketlərdən fərqi ilə bağlı alıcıların fikirləri müxtəlifdir.
"İnformator.az" məsələ ilə bağlı araşdırma edib.
Alıcı Nigar Novruzova:
"Bu il qiymətlərdən bir az narazı olsaq da, Novruz bayramıdır, bu məhsullardam almalıyıq. Buradakı qiymətlər marketlərdən fərqlənir, çünki belə satışlarda məhsullar yeni olur, həm də istədiyimiz qədər ala bilirik. Ancaq marketlərdə qiymətlər baha olur və keyfiyyət baxımından da zəif olur".
Şəhər sakini Arzu Babayeva qiymətlərdən razı olmadığını və qiymətlər də yarmarkanın yerləşdiyi məkandan asılı olduğunu deyib.
"Müxtəlif qiymətlər olsa da, ümumi olaraq baha olduğunu düşünürəm. İldən-ilə də bahalaşır".
Sakin Mədinə Hüseynova da qiymətlərin vətəndaşların büdcəsinə uyğun olmadığını düşünür.
Elmlər Akademiyasında yerləşən yarmarkanın satıcısı Rəhim Şıxverdiyev saytımıza etdiyi açıqlamada yarmarka və market qiymətlərindəki fərqlər, yarmarkadakı qiymətlər, bayram öncəsi alıcı sıxlığının necə müşahidə olunduğu barədə fikirlərini bildirib:
Satıcı deyib ki, bu il ağ fındığın, türk əriklərinin, özbək innablarının qiyməti yüksəkdir.
"Bayram öncəsi alıcı sıxlığı əvvəlki illərə nisbətən çox müşahidə olunmur. Bunun səbəbi isə insanların maddi durumu və qiymətlərin baha olmasıyla bağlıdır.
Məhsulun çeşidindən asılı olaraq marketlər məhsulu 3-4 manat daha baha qiymətə satır. Məsələn biz ağ fındığı 17 manata satırıq, ancaq marketlər isə 22-24 manata, yarmarkada ərik qurusu 16 manata olsa da marketlər 20 manata satır".
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ənənəvi yarmarkaları yaxşı təşəbbüs, layihə kimi qiymətləndirsə də, bu layihənin layiqincə yerinə yetirməli olduğunu da vurğulayıb:
"Oraya məhsul istehsal edən fermerlərin gəlmələri, öz məhsullarını satmaları üçün şərait yaradılmalıdır ki, onlar öz məhsullarını birinci əldən satsınlar. Yəni məhsul rayonda 3-4 manata olsa da, burada 8-9 manata satılır. Bunun səbəbi isə məhsulun əldən-ələ keçdikcə bahalaşmasıdır. Buna görə də bu yarmarkalar təşkil olunur ki, fermerlər məhsulları münasib qiymətə satsınlar. Ancaq mənzərə heç elə deyil. Yarmarkadakı satıcıların əksəriyyəti
Bakının digər bazarlarından gələn alverçilərdir və məhsulun keyfiyyətindən asılı olmayaraq bazarda satdığı qiymətə yarmarkada da satır. Marketlərdə isə məhsul həm bazardan, həm də yarmarkadan baha qiymətə satılır".
İqtisadçı vətəndaşlara tövsiyyə edib ki, ailə büdcələrinə qənaət etmək üçün məhsulları marketlərdən yox, yarmarkalardan, bazarlardan alsınlar.
"Ümumiyyətlə, marketlər ciddi monopoliyalaşmış seqment olduğuna görə bir məhsulu 5-6 dəfə baha sata bilərlər.
Azərbaycan fermerinin istehsal etdiyi məhsulun birbaşa şəhər əhalisinə çatması üçün mövsümi yarmarkalar çıxış yolu deyil. Fermerlər üçün böyük şəhərlərdə daimi olaraq ödənişsiz bazarlar, yarmarkalar təşkil olunmalıdır".
Nəzrin Mirzəyeva