Tarixdə bu gün-Əli bəy Hüseynzadənin anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 12:09 17.03.2024

Bu gün Azərbaycan bayrağının müəllifi, Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın böyük mütəfəkkiri-Əli bəy Hüseynzadənin anım günüdür.

 

Əli bəy Hüseynzadə 1864-cü ildə Salyanda anadan olub. Atasını uşaq ikən itirdiyi üçün babasının himayəsində böyüyən Əli bəy uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənir. Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyüyür. O, həmçinin Mirzə Fətəli Axundzadə, Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilirdi. Əli bəy Hüseynzadə 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur və şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyir. O, Osmanlı Türkiyəsində yaşadığı vaxtlar "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olur və bu səbəbdən təqiblərə məruz qalır.

 

Əli bəy Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edir, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışırdı. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Azərbaycanda olduğu vaxt ərzində fəaliyyətini davam etdirən Əli bəy görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet onu Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Gəncliyindən başlayaraq Azərbaycan və Türk dünyasına böyük töhfələr verən Əli Bəy Hüseynzadə müxtəlif yerlərdə alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib.

 

Azərbaycan Cümhuriyyətinin ideoloji banislərindən olan Əli bəy Hüseynzadə 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki materiallar mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, Türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturunun müəllifi Əli bəy Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir. 

 

Əli bəy Hüseynzadə və onun kimi Azərbaycanın böyük şəxsiyyətləri adlarını tarixə qızıl hərflərlə yazdırıb. Bu böyük mütəfəkkirlərin adını heç kim tarixdən silə bilməyəcək.

 

Yusif Mamedov