Bakı-Sumqayıt yolunda tıxac problemi-RƏY

Bölmə: Sosial › ,
Tarix: 11:19 18.03.2024

Milli Məclisin üzvü Fəzail Ağamalı Bakı-Sumqayıt yolunun 2-3 mərtəbəli olmasını təklif edib. O, Yaponiyanı nümunə göstərib:

 

"Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər". O qeyd edib ki, Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissə 2 zolaqlı olduğu üçün sıxlıq yaranır.

 

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev "informator.az"a açıqlama verib. O bildirib ki, sıxlıq məsələsini dünyadakı böyük şəhərlərin təcrübəsinə əsaslanaraq, eyni zamanda bu işin nəzəri cəhətinə diqqət edərək həll etmək məcburiyyətindəyik:

 

"Hisslərə qapılaraq, həyəcanlanaraq, əsəbləşərək bir yerə çatmaq olmaz. Hazırda Bakı-Sumqayıt yolunda pik saatlarda tıxac çoxalır, bu da zolaq sayı ilə əlaqəli deyil. Vətəndaşlar ictimai nəqliyyatdan istifadə edə bilmir, ictimai nəqliyyatı stimullaşdıra bilmirik, onun infrastrukturunu təkmilləşdirə bilmirik. İndi yeni-yeni bu istiqamətdə addımlar atılaraq yeni avtobus zolaqları salınır, Bakı-Sumqayıt avtovağzal istiqamətində express avtobuslar işləməyə başlayır. Bakının baş planına, qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ictimai nəqliyyat vasitəsini çoxaltmaq və təkmilləşdirmək, insanları şəxsi avtomobilləri ilə yox ictimai nəqliyyat vasitələri ilə getməyə təşviq edəcək maarifləndirmələr aparılsa, bu problem nisbətən öz həllini tapacaq".

 

 

Gülay Qəribova