Ramazanda necə qidalanmalıyıq?-MÜTƏXƏSSİSLƏR AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 11:30 18.03.2024
Ramazan ayında düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib olunmalıdır ki, iftardan imsaka qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Bu ilki orucluq yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq hissi daha çox hiss olunacaq.
Bəs necə edək ki, həm oruc tuta bilək, həm də aclıq hissini azaldaq?
Mövzuyla bağlı mütəxəssilər "informator.az"a açıqlama veriblər.
Qida mütəxəssisi Ağa Salamov imsakda və iftarda düzgün qidalanmanın qaydalarını qeyd edib:
"İmsakda ancaq su tərkibli qidalara, mövsümü meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. İmsak zamanı qida dəyəri yüksək olan yeməklər- yumurta , ağartı məhsulları yeyilməlidir. Bu məhsulları yemək insanı gün boyu tox saxlayacaq. İmsak qədər iftar da vacibdir. İftarı mütləq su ilə açmaq lazımdır. Bəzi insanlar ilk olaraq yemək yeyirlər amma bu düzgün deyil. Su qan laxtalanmasının qarşısını aldığı üçün mütləq başlanğıcda su içməliyik. Su içdikdən 15-20 dəqiqə sonra əsas yeməklərə keçmək lazımdır. İftar zamanı aqressiv yemək olmaz, yəni bütün yeməkləri qarışdırıb yemək düzgün deyil. Bu hal mədədə şişkinlik, həzm sisteminin ləngiməsi halı və köp yarada bilər".
Dietoloq Lalə Mahmudova ramazan ayında həm oruc tutub, həm də kilo almamağın yollarından danışıb:
"Ramazanda ən vacib məsələlərdən biri yetərli maye miqdarıdır. Maye miqdarını şəkərli qidalardan, qazlı içkilərdən, kofe və ya çaydan yox sudan qarşılanmasını tövsiyyə edirik. Su içməyi sevməyən insanlara suları dadlandırmağı, suya darçın çubuğu, mixək çubuğu, bəzi meyvələri qatmağı məsləhət edirik. İmsakda və iftarda yeməkdən öncə ilıq su içmək bədənin su ehtiyacını qarşılayır, qan dövranına, həzm sisteminə yaxşı təsir edir. Su içildikdən sonra duzlu yeməklərdən çox istifadə edilməməli, iftarda toyuq, balıq, ət məhsullarından mütləq 100-150 qram arasında istifadə etməli, bol-bol tərəvəzli qidalar qəbul etməliyik. Arıqlamaq istəyən insanlar iftardan öncə yürüyüş etmələrini tövsiyə edirik. İftardan sonra tez yürüyüş etmək olmaz. Ən azı 1-2 saat sonra yürüyüş edilməlidir. Şirniyyat istəyinin qarşısını almaq üçün meyvə, quru meyvə, bir-iki ədəd incir və ərik qurusu kimi qidalarla çay içmək, xüsusi qidalardan hazırlanmış şəkərsiz pudinqlər, dietik qidalar yemək məsləhətlidir".
Zeynəb Mustafazadə