Azərbaycanda əxlaq polisi yaradıla bilərmi?-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:08 18.03.2024
Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib.
Ən acınacaqlısı isə odur ki, onlar övladlarını, bəzən azyaşlı uşaqlarını da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. Belə hallar isə balacaların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, həm də cəmiyyətdə qıcıq yaradır.
Bəs, problemin çıxış yolu nədir? Qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni bir qurum - Əxlaq polisi yaradıla bilərmi?
Bu haqda Milli Məclisin üzvü Ceyhun Məmmədov "informator.az"a açıqlama verib. O bildirir ki, hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşıyır:
"Onlar bilməlidilər ki, valideynlər öz övladları üçün həmişə nümunə olub və olacaq. Adətən, azyaşlılar nümunəni valideynlərindən və müəllimlərindən götürürlər. Valideynlər yanlış addımlar atdıqca, övladlarına pis nümunə olurlar. Bu gün geniş auditoriyaya sahib olan sosial şəbəkələrdən mənfi yönümlü də, müsbət yönümlü də istifadə etmək olar. Sosial media üçün Azərbaycanda geniş maarifləndirmə işləri aparılmalıdır ki, insanlar ondan düzgün və müsbət yönümlü şəkildə istifadə etsin. Bu istiqamətdə ətraflı məlumatlandırılma aparılmalıdır".
Deputat hesab edir ki, Azərbaycanın polis qüvvələri öz işlərini layiqilə yerinə yetirir və bu problemləri aydınlığa çıxara bilirlər. Buna görə də əlavə bir "əxlaq polisi"nin yaradılmasına ehtiyac yoxdur.
Gülay Qəribova