Avtomobil nömrələri oğurlayanlar: Necə tənzimlənməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:28 18.03.2024

Fırıldaqçılar yeni üsula əl atıblar. Hansı avtomobilin nömrəsi gözəgəlimlidirsə, məqsədli şəkildə onun birini oğurlayırlar. Ona görə birini ələ keçirirlər ki, sonra istədiklərini edə bilsinlər. Yəni apardıqlarını geri qaytarmaq üçün ağılasığmaz məbləğlər tələb edirlər. 

 

Təbii ki, dəyəri "qara bazar"da yüzlərlə, hətta minlərlə manata olan nömrələrin sahibləri dələduzların bu təklifləri ilə razılaşmağa məcburdur. Çünki, qanunvericiliyə görə sürücü itmiş və ya oğurlanmış eyni nömrəni bərpa edə bilməz. Yalnız yeni dövlət qeydiyyat nişanı almalıdır. 

 

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bizim yol hərəkəti haqqında qanunun 29-cu maddəsində qeyd olunub ki, onun dublikatı, onun təkrarı yox, yeni hərf və rəqəm kombinasiyalı başqa dövlət qeydiyyat nişanı verilir:

 

"Bu da sovet dövründən qalıb. O vaxt belə bir mülahizə var idi ki, kiminsə avtomobilinin dövlət qeydiyyat nişanı götürülüb hansısa kriminal məqsədlərdə istifadə edə bilərlər. Amma müasir dövürdə hər yerdə elektron nəzarət sistemi var. Əgər qeydiyyat nişanının biri və ya ikisi də oğurlandısa, onun sahibinin müraciəti əsasında dərhal həmin nömrələri nəzarətə götürə bilərlər".

 

Ekspert deyir ki, bu qanun sovet dövründən sonra bir çox ölkələrdə ləğv edildi. Məsələn, Rusiyada, Ukraynda, Belarusda və digər qonşu dövlətlərdə hazırda bu məsələ müasir üsulla həll edilir. Yəni nömrələrdən biri itib və ya oğurlanıbsa, sürücü aidiyyəti quruma yaxınlaşır və heç bir problem yaşamadan eyni nömrənin nüsxəsini əldə edə bilər. Bizdə də sovetdən qalma bu qanun ləğv edilməlidir deyilir. Qeyd edək ki, yol hərəkəti haqqında qanunun digər müddəasına görə, dövlət qeydiyyat nişanlarından biri olmadan avtomobil idarə edənlərə 100 manat və 4 cərimə balı ilə məsuliyyətə cəlb edilir.