Məktəblərdə imtahanların sayı azaldılacaq?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:02 19.03.2024
Hazırda təhsil sistemində məktəbdaxili qiymətləndirmənin 3 növü mövcuddur: diaqnostik, formativ, summativ (kiçik və böyük).
Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəblərdə imtahan sayı azaldıla bilər.
Bəs hansı qiymətləndirmə ləğv ola bilər ?
Qiymətləndirmənin ləğv olunması orta məktəblərdə təhsilə necə təsir göstərəcək ?
Məsələylə bağlı “İnformator.az”a açıqlamasında Təhsil eksperti İlqar Orucov qeyd edir ki, imtahanlar kifayət qədər çoxdur, şagirdlər həddən artıq yüklənirlər:
“Hər hansı prosesə start verdikdə xüsusilə təhsil sahəsində ilk növbədə konkret olaraq araşdırmaların nəticəsində həmin prosesin effektivliyi öz əksini tapırsa, yalnız o zaman addımlar atılmağa başlanılır. Ümumtəhsil müəsisələrində summativ qiymətləndirmələr 1-ci sinifdə reallaşdırılmır. KSQ 2-ci və 11-ci siniflərdə tətbiq olunur. BSQ isə 4-cü, 9-cu və 11-ci siniflərdə bütün fənlər üzrə keçirilir. 4-cü sinif ibtidai, 9-cu sinif orta təhsilin, 11-ci sinif isə tam orta təhsilin son qiymətləndirilməsidir. 5,6,7,8-ci siniflərdə isə yalnız buraxılış imtahanının fənləri üzrə aparılır. Cənab nazirin dediyi məqamlar hazırda müzakirə mərhələsindədir".
İlqar Orucovun fikrincə, məktəblərdə imtahan sayının azaldılmasına həqiqətən ehtiyac var:
“Şagirdlərin yüklənməsi şagirdlərin dərsdən soyumasına gətirib çıxarır. Biz nəzərə almalıyıq ki, gələcək üçün vətəndaşlar hazırlayırıq və onların sağlamlığınə gözardı edə bilmərik. Qəbul imtahlarının sayı olduqca çoxdur. Sayın çox olması o qədər yaxşı hal deyil”.
Azər Abuşov