Boyanmış yumurtalarla bağlı xəbərdarlıq!-Buna diqqət edin!
Bölmə: Sosial › ,Tarix: 22:18 19.03.2024
Novruz bayramının adətlərindən biri də yumurta boyamaq və döyüşdürməkdir.
Qədim azərbaycanlıların çərşənbələrdə və Novruz bayramında qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.
Bəs bayram xonçalarını bəzəyən rəngarəng yumurtaları sağlamlıq üçün təhlükə törədirmi?
Boyanan yumurtalar qida zəhərlənməsinə yol aça bilərmi?
Yumurta boyandıqdan nə qədər müddət sonra yeyilməlidir?
Sözügedən məsələ ilə bağlı "informator.az" a açıqlama edən qida eksperti Fərid Səfərov suallarımızı cavablandırıb. Ekspert qeyd edib ki, üzərində rəngbərəng şəkillər olan plastik örtüklü yumurta boyalarından və kimyəvi tərkibli, rəngləndirici boyalardan istifadə edilir, bunlar isə birbaşa yumurtanın içinə nüfuz edir.
"Yumurtanın qabığında minlərlə kiçik məsamələr var, bu cür boyalardan istifadə etdikdə yumurtanın qabığının iç üzündə də rəngləri müşahidə etmək olur. Bu cür boyanmış yumurtaların bir zərərli tərəfi də boyandıqdan sonra süfrələrdə günlərlə qalır, bu isə qida zəhərlənməsinə səbəb ola bilər.
Yaxşı olardı ki, nənələrimizin ənənəvi üsullarından istifadə edək və bişirilən yumurtanı 24 saat ərzində yeyək. Yumurtanı çuğundur, soğan qabığı, müxtəlif göyərtilər, kök kimi tərəvəzlərlə bişirib rəngləndirmək olar. Çalışın, yumurta təzə və çatlamamış olsun".
Ekspert "Sağlam qidalanaraq sağlam yaşayın"! sözləriylə fikirlərini sonlandırıb.
Nəzrin Mirzəyeva