Parkinqlərlə bağlı yeni tariflər qüvvəyə minəcək-RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 23:01 27.03.2024
İndi isə günün ən çox müzakirəyə səbəb olan mövzularından biri Parkinq qiymətləri... Bu gün paytaxtın 3 müxtəlif istiqamətində yeraltı parkinq tariflərində dəyişikliklər edilib. Və bu birmənalı qarşılanmadı. Az qala 3 dəfə bahalaşan qiymətlərlə bağlı aidiyyəti qurum açıqlama verib.
Qış parkının yeraltı dayanacağında ödəmə terminallarının üzərinə artıq yeni tariflər yerləşdirilib. Tariflərdən də görünür ki, parkinqə avtomobil daxil olduqdan sonra iki saat müddətində burda qaldıqda 1 manat ödəniş olunmalıdır. Yəni minimum qiymətlər 1 manatdan başlayır. Təbii ki, qiymətlər saatına görə dəyişir. Eyni zamanda aylıq paketlərin qiymətində də dəyişikliklər olunub. Ümumi qiymətlərə baxdıqda görünən odur ki, artım müşahidə olunur.
Artan qiymətlər Qış parkında belədir: Gündəlik tariflərə görə, 2 saat 1 manat, 4 saat 2 manat, 6 saat 3 manat, 10 saat 4 manat, 12 saat 5 manat 24 saat isə 8 manat təşkil edir. Aylıq tariflərdə isə qiymət gündəlik 12 saat 80 manat, 24 saat 120 manat, qonşu tarifin isə qiyməti 50 manatdır. Artım aylıq paketlərdə daha çox hiss olunur. Çünki əvvəlki qiymətlərə görə, gündəlik 12 saat 30 manat idi. Əraziyə yaxın çalışan insanlar isə daha çox aylıq paketlərdən istifadə edirlər.
Sadəcə Qış Parkında deyil, Azadlıq Meydanı və Mərkəzin Parkın da yeraltı dayanacaqlarında parkinq qiymətləri artırılıb. Azadlıq meydanındakı tariflər Qış Parkı ilə müqayisədə bir qədər daha çoxdu. Yeni tarifə əsasən: 1 saat-1 manat, 3 saat 2 manat, 6 saat 3 manat, 12 saat 5 manat, 24 saat 10 manat təşkil edir. Aylıq paketlərin isə qiyməti 12 saat- 100 manat, 24 saat-140 manat, qonşular tarifi isə 75 manat olacaq. Aidiyyəti qurum az qala 3 dəfəyə yaxın artan qiymətlərə belə aydınlıq gətirdi:
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, parklanma xidmətindən daxilolmalar əlbəttə ki, xərcləri heç də tam qarşılamır:
"Biz bilirik ki, burda infrastruktur qurulub və həmin o infrastrukturun vəziyyəti qənaət bəxş hesab olunmur. Söhbət liftlərdən gedir, eskalatorlardan gedir. Ödəmə terminallarıdır və Yanğından mühafizə sistemləridir. Və bu infrastrukturun təkminləşdirilməsi və təmiri böyük bir vəsait qoyuluşu tələb edir. Həm bu xəsrclərin azaldılması həm də eyni zamanda əhaliyyə keyfiyyətli xidmətin təqdim olunması məqsədi ilə tariflərin dəyişdirilməsi tam məqsədə uyğun hesab olunur".
Ekspert Dilqəm İsmayılovun sözlərinə görə, insanlarımız da vətəndaşlarımız da dərk etməlidirlər ki, əslində şəhər mərkəzində olan bu limitli parkinqlər səhər işə gəlib, axşama qədər məşğul olmaq üçün deyil:
"Şəhər küçələri avtomobillərdən öncə insanlar üçündür. Ən son prioritet şəxsi avtomobil bütün inkişaf etmiş ölkələrdə təşkil edilməlidir. Qərb ölkələrindən biz nümunə gətirsək, bir çox Qərb ölkələrinin nümunələrində şəhər mərkəzində parkinqin vaxtı ödənişli olsa da hazırkı qiymətlərdən belə baha olsa da limitli təşkil olunur. Çox yüksək qiymətdə olur və vaxt limiti qoyulur".
Ekspertin fikrincə, ictimai nəqliyyat paralel olaraq inkişaf etdirilməli və bir çox vacib addımlar atılmalıdır. Bunlardan biri də şəhər bələdiyyəsinin yaradılmasıdır:
"Şəhər bələdiyyəsi olduğu halda bu qurumlar bir-biri ilə kordinasiyalı şəkildə işləyir. Və həmin o şəhər mərkəzində baha olan parkinq qiymətlərini məhz ictimai nəqliyyatın stimullaşdırılmasına yönləndirirlər. Ona görə də bu ayrı-ayrıcalıqda təşkil edildikdə AYNA ayrıca bir qurum, Bakı şəhər icra hakimiyyəti ayrıca bir qurum, Şəhərsalma komitəsi ayrıca bir qurumdur. Qurumlar arasında kordinasiya olmadıqda təəssüf ki, bu əks-effekt də verə bilər. Yəni ümumən bu yaxşı haldır əslində. Vətəndaşlarımız da bilməldir ki, bu yaxşı haldır. Amma vətəndaşlarımız şəhər mərkəzində ucuz parkinq yox məhz yaxşı ictimai nəqliyyat tələb etməlidirlər".
Parkinqlərlə bağlı yeni tariflər aprelin 1-dən qüvvəyə minəcək. Atılacaq addımların necə effekt verəcəyini isə zaman göstərəcək.