Ramazan ayının ilk Qədr (Əhya) gecəsi-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 20:45 28.03.2024

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.

 

Bu barədə İlahiyyatçı Ağa Hacıbəyli "İnformator.az"a öz fikirlərini söyləyib. Onun sözlərinə görə, Əhya oyaq qalmaq, qəlbin, ruhun Allaha təslim edilməsi mənasını verir:

 

"Bu gecələrin ibadətində sevgili peyğəmbərimizin (s.ə.s) duası ibadətlərimizin tacı olmalıdır. Çünki, mübarək analarımızdan biri soruşur: Ya Rəsulallah, bilsəm ki, bu gecə Qədr gecəsidir, o zaman mən nə edim? Suala Allah Rəsulu belə cabab verir:” Sən, bu duanı oxu: Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla“.

 

Qədr gecəsində, Qədrin nuruna üz tutan insan axirət yurduna yönələn bir adamın ruhunda, qəlbində bu dualar daha təsirli olacaq. Bu gecədə insanlar qəza namazları qıla bilər, Quran oxuya bilər, həmçinin Allaha zikrlər, həmdlər, sənaları da dilə gətirə bilərlər. Beləcə, bərəkətli bir gecəni yaşamış ola bilərlər. Qədr gecəsi, Qurani-Kərimin nazil olduğu gecədir. Əslində, hesab etmək lazımdır ki, Qurani-Kərim həmin gecə mənim də qəlbimə nazil olacaq- şüuru ilə insan Qədr gecəsinə, o təqdir gecəsinə, o şərəfli gecəyə üz tutub getməlidir ki, gecə ətəyi ilə hər şey ötdüyü zaman, Allahın izni ilə o günahlar bağışlansın, əff olunsun”".

 

 

Sonda İlahiyyatçı əlavə edib ki, Allah cümlə xalqımızın , millətimizin dualarını qəbul etsin, ümmətin əlindəki- qolundakı zincirləri açsın və beləcə də insanlıq ailəsi bu bəla və müsibətlərdən uzaq olsun.

 

 

Tehran Yusifli