Binəqədi rayonunda avtomobil yollarında anlaşılmaz vəziyyət -RƏY
Bölmə: Sosial › ,Tarix: 21:39 28.03.2024
Binəqədi rayonunda avtomobil yollarından birində sürücülər üçün anlaşılmaz vəziyyət yaranıb. Nişanın biri dön deyir, digəri dönməyə imkan vermir. Söhbət Mir Cəlal küçəsindəki vəziyyətdən gedir.
Dünənə qədər geriyə dönmə imkanı verilən zolaqda bu trayektoriya üzrə hərəkət qadağan edilib və geriyə dönən sürücülər 40 manat məbləğində cərimələnir. Məsələ ondadır ki, yol kənarında yalnız düzünə və sağa getməyə icazə verildiyini göstərən nişan qoyulsa da, yerdəki geriyədönmə nişanı hələ də silinməyib. Və sürücülər bu məqamın çaşdırıcı olduğunu iddia edirlər.
Ekspertlər deyir ki, belə halların baş verməsi cavabdeh qurumlardakı bəzi boşluqlardan qaynaqlanır. Ciddi məsuliyyət tələb edən bu məsələ sürücülərin haqsız yerə cərimələnməsindən əlavə ağır qəzalarla da nəticələnə bilər. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, nəzarət mexanizmi yaxşı qurulmadığına görə bu cür nöqsanlar ortaya çıxır və bu da nəticədə sürücülərin haqsız yerə, əsassız yerə cərimələnməsinə səbəb olur:
"Sürücü yəni münəccim deyil ki, yolda belə nəyi necə etmək lazım olduğunu bilsin. Onun üçün hərəkətin təşkili qaydası var. Hərəkətin təşkili də deyir ki, nişan və nişanlanma xətləri bir birini tamamlamalıdır. Hər bir qurumun əlinin altında kameraları var, ərazidə işçiləri var. Zəhmət çəksinlər ərazini tez- tez müayinə eləsinlər, qüsurları da vaxtında və operativ şəkildə aradan qaldırsınlar".
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, həmin küçədə geriyə dönməni göstərən nişanlanma xətti ilə yol kənarındakı nişan arasında yaranmış uyğunsuzluq aradan qaldırılacaq.