Plenar iclas: Kredit, təhsil və əmək pensiyaları ilə bağlı yeniliklər
Bölmə: Sosial › ,Tarix: 21:28 29.03.2024
İpoteka kreditinin verilməsinin şərtləri sadələşdirilməlidir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə aparılıb. İpoteka kreditlərində zaminlərlə bağlı da bəzi dəyişikliklər təklif edilib. Həmçinin təhsillə və əmək pensiyaları ilə bağlı yeniliklər var.
İpoteka kreditlərinin verilməsi şərtlərində dəyişikliklər edilməlidir. Deputatlar deyir ki, dövlət qulluğunda çalışanlar bu kreditdən geniş istifadə edə bilsə də əhalinin böyük bir hissəsi şərtlərin ağırlığı səbəbindən kredit ala bilmir.
Milli Məclisin üzvü Rüfət Quliyev bildirib ki, gənc ailə ayda 600-700 manat icarədə evdə qalırsa, daha rahat olar ki, elə həmin pulu ipoteka kimi ev alsın və onu ödəsin:
"Sahibkarlıqla məşğuldurlar və yaxud da maaşları o qədər də artıq deyil. Bank tələb edir ki, sizin maaşınız ən azı 1000 manatdan aşağı olmamalıdır ki, mən sizə ipotekaya ev verim. Yəni burda məntiq yoxdur ki, onsuz da ipotekaya verilən evə onlar sahib olurlar".
Deputat Bəhruz Məhərrəmov isə deyir ki, özəl təhsil müəssisəsində çalışan müəllimlər də güzəştli ipoteka kreditindən yararlana bilmirlər. Baxmayaraq ki, əməkhaqları buna imkan verir. Bu kimi səbəblərə görə qanunda dəyişikliklər olmalıdır, deyilir. Amma ümumilikdə ipoteka haqqında qanunda müəyyən dəyişiklik edilib.
Milli Məclisin üzvü Tahir Mirkişili qeyd edib ki, vəfat etdiyi zaman mirasın qəbul edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilib:
"İndiyə qədər bildiyiniz kimi bundan imtina etmək haqqında bir hüquq yox idi. Amma indidən sonra artıq əgər mirasçı mirası qəbul edərsə, eyni zamanda borcu da avtomatik qəbul etmək kimi bir öhdəliyi Konstitusiya məhkəməsi aydınlaşdırıb".
Plenar iclasın digər mövzusu təhsil idi.
Deputat Musa Quliyev deyir ki, həssas kateqoriya üzrə dövlət hesabına təhsil alanlarla bağlı bəzi güzəştlər edilməlidir:
"Çox gözəldir ki, müharibə veteranı almış şəxslərə heç bir yaş məhdudiyyəti yoxdu. İstəyir 30 yaşında təhsil alsın, dövlət onun təminatını verəcək. Amma şəhid ailələri üzvləri bir də valideyn himayəsindən məhrum olmuş uşaqlara 23 yaşı son hədd məhdudiyyəti var. Bu məhdudiyyət aradan qaldırılsın, bu uşaqlar istədikləri yaşda təhsil ala bilsin".
Milli Məclisin üzvü Emin Hacıyev isə ali təhsil müddətinə toxundu. Bu müddət 4 ildən 3 ilə azalsın deyən deputatın fikrincə, dövlət sifarişi və Tələbə krediti ilə yanaşı bəzi yeniliklər edilməlidir:
"Misal olaraq təhsil haqqının bir qismini dövlət hesabına ödənilməsi sistemi, bu şəxsin topladığı balın miqdarından aslı ola bilər. Şəxs dövlət sifarişini əldə edə bilmir. Amma yüksək bal toplamaqla biz ona qismən güzəştlər verə bilərik. Və yaxud müəyyən şərtlər daxilində təhsil haqqının dövlətin ödəməsi mexanizmi qurula bilər".
Əmək pensiyası ilə bağlı dəyişiklik isə Milli məclisin gündəliyinə daxil edilərək birinci oxunuşda qəbul edildi. Dəyişikliyə əsasən 5 və daha çox uşaq böyüdən valideyn 5 il daha tez pensiya hüququ əldə edəcək. Növbəti plenar iclas aprelin 5-nə təyin edildi.