Tarixdə bu gün-Milli soyqırım günü
Bölmə: Sosial › ,Tarix: 19:29 31.03.2024
Bu gün erməni silahlı dəstələrinin Bakı və ətraf ərazilərində dinc müsəlman əhaliyə qarşı soyqırımından 106 il keçir.
1917-ci ildə Rusiyada Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirir. Bununlada Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Buna etiraz edən müsəlman tacirləri öz dükan və mağazalarını bağlamağa başlayır. Hadisələrin davamında 3000-ə qədər Azərbaycan türkü "İsmailiyyə" binasının qarşısında mitinq keçirir. Mitinqdə çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edir, Müsəlman İctimai Təşkilatları Komitəsindən şəhərdə qayda-qanun yaradılması üçün tədbirlər tələb edirdi. Elə həmin gün tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Lakin Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri bu təklifi qulaqardına vuraraq, kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işlərinə başlayırlar.
Mart ayının sonlarında daşnak–rus bolşevik qüvvələri menşevik, eser, kadet qüvvələrinin köməyi ilə Bakı və ətraf ərazilərində qırğınlara başlayır. Qırğınlar zamanı ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaxaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılır.
Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərib.
Baş verən qırğınlar yalnız Bakıda deyil, Azərbaycanın bir çox bölgəsində də həyata keçirilirdi. Mart soyqırımları zamanı 50 min azərbaycanlı şəhid edilib, bir çox tikili dağıdılıb, xalqın mülkiyyəti isə qarət edilib.
"İnformator.az" olaraq soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Yusif Mamedov