Qlobal istiləşmənin törətdiyi fəsadlar

Bölmə: Sosial › ,
Tarix: 13:33 03.04.2024

Qlobal istiləşmə yaşadığımız planetin ümumi temperaturunun normal göstərici ilə müqayisədə hədsiz dərəcədə yüksəlməsi hesab olunur. Bu istiləşmə tendensiyası uzun müddətdir davam etsə də qalıq yanacaqların yandırılması səbəbindən son yüz ildə onun sürəti olduqca artmışdır . İnsan populyasiyaları artdıqca yandırılan qalıq yanacaqların həcmi də onunla mütənasib olaraq artır . Qalıq yanacaqlara kömür, neft və təbii qaz aid edilir və onların yandırılması Yer atmosferində “istixana effekti” kimi tanınan fenomenin yaranmasına gətirib çıxarır. Bu isə yaxın gələcəkdə planetin ekologiyası və biosfer təbəqəsi üçün katostrofik nəticələr yarada bilər. İstixana effektini sadə yolla izah etməli olsaq, günəş şüalarının atmosferə nüfuz etməsidir, lakin nüfuz edən bu istilik səthdən əks olunduqda kosmosa geri qaça bilmir. Çünki, yuxarıda saydığımız qalıq yanacaqların yanması nəticəsində əmələ gələn qazlar istiliyin atmosferdən çıxmasının qarşısını alır. Bu istixana qazlarına karbon qazı, xloroflorokarbonlar, su buxarı, metan və azot oksidi aiddir. Atmosferdəki həddindən artıq istiliyin olması həyəcan təbili çalınması üçün yetərlidir, çünki qlobal istiləşmə kimi tanınan fəlakətin yaranması uzun müddətdir ki davam etməkdədir.

 

Qlobal istiləşmənin olması iqlim dəyişikliyi adlı başqa bir problemi ortaya qoyur. Bəzən bu ifadələr bir-birini əvəz edir, lakin əslində fərqli anlayışlardır. İqlim dəyişikliyi bütün dünyada hava şəraiti ilə, mövsümlərdəki dəyişikliklərlə bağlıdır. Bu sıraya isti dənizlərin genişlənməsi, buz təbəqələrinin və buzlaqların əriməsi nəticəsində yaranan dəniz səviyyəsinin yüksəlməsi aiddir. Qlobal istiləşmə iqlim dəyişikliyinə səbəb olur ki, bu da geniş yayılmış daşqınlar və ekstremal hava formalarına gətirib çıxararaq Yer kürəsində həyat üçün ciddi təhlükə yaradır. 

Qlobal istiləşmə isə karbon dioksid (CO2) və digər hava çirkləndiriciləri atmosferdə hədsiz dərəcədə toplandıqda və yer səthindən sıçrayan günəş işığını, günəş radiasiyasını udduqda baş verir. Normalda bu radiasiya kosmosa əks olunmalı idi, lakin atmosferdə illərlə, hətta əsrlərlə qala bilən bu çirkləndiricilər istiliyi saxlayır və planetin daha da istiləşməsinə səbəb olur. İstiliyi saxlayan bu çirkləndiricilər - xüsusilə karbon dioksid, metan, azot oksidi, su buxarı və sintetik flüorlu qazlar - istixana qazları kimi tanınır və onların təsiri “istixana effekti” adlanır.

 

Təbii dövrlər və dalğalanmalar son 800.000 il ərzində yerin iqliminin bir neçə dəfə dəyişməsinə səbəb olsa da, indiki qlobal istiləşmə dövrümüzdəki Homo Sapiensin fəaliyyəti ilə bağlı olub antropogen faktorlardan sadəcə biri hesab olunur; xüsusən də kömür, neft, benzin və təbii qaz kimi qalıq yanacaqların yandırılması kimi hallar

İqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün elm adamları bizə deyir ki, 2030-cu ilə qədər qlobal karbon emissiyalarını 40 faiz azaltmaq lazımdır. Bunun baş verməsi üçün qlobal birlik təcili planlaşdırılmalı, konkret addımlar atılmalıdır: elektrik enerjisi istehsalının dekarbonlaşdırılması, qalıq yanacaq əsaslı istehsaldan külək və günəş kimi bərpa olunan enerji mənbələrinə keçid, avtomobillərimizi və yük maşınlarımızı elektrikləşdirmək, binalarımızda, cihazlarımızda və sənayelərimizdə enerji səmərəliliyini maksimuma çatdırmaq v.s

Qısaca, gələcək nəsillərin rifahını düşünürək yaşadığımız planeti - evimizi qorumalıyıq. Və unutmayaq ki, təbiətlə aparılan müharibədə qalib heç bir halda insanoğlu ola bilməz!

 

Türkanə Əliyeva