İmtahan ərəfəsində övladlarınız ilə necə davranmalısınız?-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:54 04.04.2024

İmtahan ərəfəsində adətən şagird və abituriyentlər müəyyən psixoloji hallarla üzləşirlər. Bu zaman onlara dəstək olmaq lazımdır.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında uşaq və yeniyetmə psixoloqu Gülsənəm Vahid bildirib ki, qəbul imtahanlarına hazırlanan yeniyetmə abituriyentlərin bu dövrdə motivasiyalarının artırılmasında və təşviş səviyyələrinin idarə olunmasında ailə dəstəyinin və valideyn davranışlarının nə qədər vacib bir nüans olduğunu hamımız bilirik:

 

"İlk növbədə abituriyent övladınızın bir yeniyetməlik yaş dövründə olduğunu unutmayın. “Fırtınalı” və “gərginliklərlə dolu” olan bu dövrdə ona tövsiyələr vermək və ya onun yerinə nələrisə həll etmək istədiyinizdə övladınızın sizinlə eyni pəncərədən baxmayacağını bilməlisiniz. Abituriyent övladınıza göstərdiyiniz sevginin ”Əgər yaxşı bal toplasam, onda ailəm məni daha çox sevəcək” formasında olmamasına diqqət yetirin. İmtahandan topladığı balın yaxşı və ya pis olmasından asılı olmayaraq övladınızın hər zaman yanında olduğunuzu və inandığınızı ona göstərin".

 

Psixoloqun sözlərinə görə, övladınızın “birdən bacarmasam?, hədəflədiyim balı toplaya bilməsəm və kəsilsəm, onda necə olacaq?” kimi qayğı dolu düşüncələrinə birlikdə cavab tapmalı və daha sonra bu kimi hallarda hansı alternativlərə müraciət edəcəyinizi öncədən müəyyənləşdirməlisiniz:

 

"Övladınızı yalnız və yalnız özü, əvvəlki uğurları və indiki uğurları, əvvəlki davranışları və indiki davranışları ilə müqayisə etməlisiniz. Siz övladınızı digər abituriyentərlə müqayisə edərkən ona motivasiya olduğunuzu düşünə bilərsiniz amma bu təəssüf ki, bu kimi müqayisələr abituriyent övladınızın sadəcə özgüvəninə, motivasiyasının aşağı düşməsinə səbəb olacaq.

Yeniyetmə övladınızın bütün gününü sadəcə ev-məktəb-repetitor üçbucağı ilə çərçivələməsini gözləməyin. Dərsdən başqa hər şeyi məhdudlaşdırmaq, qadağalar qoymaq imtahandan uğur əldə etməyimizə səbəb olmayacaq.

Unutmayın ki, imtahanlar ərəfəsində övladınıza qarşı anlayışlı olmağınız və özünüzü övladınızın hər zaman yanında olduğunuzu göstərməyiniz övladınızın imtahan stressinin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq".

 

 

Asiman Hafizqızı