İşğaldan azad olunmuş ərazilərimizdə günəşin doğması...
Bölmə: Sosial › ,Tarix: 11:54 05.04.2024
İşğalla birlikdə onlar yalnız dədə-baba yurdlarından deyil, həm də öz uşaqlıq illərindən, gənclik xatirələrindən didərgin düşüblər.
Axı, gedən zaman geri dönmür….
Həmin acılı günlərə şərik olmaq üçün Kəlbəcərli ailənin evinə yola düşdük.
Müsahibimiz erməni vandalizminin birbaşa şahididir.
Nəhayət ki, gəlib çatdıq Abbasovlar ailəsinə. Söhbətimiz çay süfrəsində başladı.
Gəlin, müsahibimizi yaxından tanıyaq.
İmamverdi Abbasov: 1956-cı ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşam. 1973-cü ildə Qılınclı kənd orta məktəbini bitirmişəm. 1978-ci ildə radiomexanik ixtisasına yiyələndikdən sonra Kəlbəcər Rayon Xalq Təhsili Şöbəsində texnik ixtisasında işləmişəm.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Kəlbəcər rayonunda, eləcə də respublika daxilində hərbi ixtisasa uyğun olan işçiləri səfərbərliyə alırdılar.1990-cı ildə məni də hərbi komissarlıq tərəfindən səfərbərliyə aldılar. O zaman Kəlbəcərin özünümüdafiə batalyonu yaradılmışdı. Həmin hərbi hissədə rabitəçi vəzifəsində işlədim. Bir qədər keçdikdən sonra Müdafiə Nazirliyinin tərkibində milli ordu yaradıldı. Bizi həmin hərbi hissədə eyni vəzifəyə apardılar. Öncə rabitə xidmətində, sonra da silah-sursat anbar rəisi vəzifəsində işləmişəm. 1993-cü ilin yanvar ayında isə səhhətimlə bağlı ordudan tərxis olunmuşam.
İmamverdi Abbasov söyləyir ki, Kəlbəcərdə 1993-cü ilə qədər olan bütün döyüşlərdə iştirak edib:
-Ümumiyyətlə Kəlbəcərdə 1993-cü ilə qədər olan bütün döyüşlərdə iştirak etmişəm. Bununla əlaqədar olaraq mən bu gün də, həmin o günlərlə yaşayıram.
“Kəlbəcər sizin üçün nə ifadə edir?” sualını ünvanladığımız zaman:
-Mənim üçün Kəlbəcərin nə olduğunu Kəlbəcərin şair oğlu Həbib müəllimin bir bənd şeiri ilə çatdırmaq istəyirəm.
Ölsəm cəsədimi əmanət verin
Alınsa Kəlbəcərə aparın məni
Orda yoğurun xalis torpağa
Bükməyin pambığa, kəfənə məni
Harda ölsəm, övladlarım
Məzarım başına yalnız Kəlbəcər yazın
Kəlbəcər mənim doğulduğum, boya-başa çatdığım bir vətəndir. Kəlbəcər mənim üçün Məkkədir, Mədinədir, Məşhəddir!
Bəzən düşünürdüm ki, görəsən, Kəlbəcərdə bənövşələr açırmı? Görəsən, Kəlbəcərdə maralçiçəyi açırmı? Görəsən, o dağlar yenə öz yaşıl libasını geyinirmi? Hərdən də fikirləşirdim ki, hər şey soldu, getdi.
İndi çəkilişlərə baxıram, doğurdan da, dağlar öz vüqarını, gözəlliyini saxlayıb. Kəlbəcər bu gün baxanda daha gözəl görünür. Mənim düşüncəmə görə, bu gözəlliyi, təbiətin ecazkarlığını verən də şəhidlərimizin qanıdır. Orada təbiət şəhidlərin qanından qidalanıbdı. Ona görə də, mənim bu gün gözümün qarşısında olan Kəlbəcər, o vaxtkı Kəlbəcərdən daha gözəl, daha zəngin, daha parlaqdır.
Jurnalist: Söylədiniz ki, Kəlbəcərdə olan döyüşlərdə iştirak etmisiniz. Oxucularımıza həmin anları necə təsvir edərdiniz?
İmamverdi Abbasov: Kəlbəcərlə bağlı xatirələrimi yada salanda mənim üçün ən təsirli hadisələrdən biri ermənilərin Ağdabanda törətdikləri birinci soyqırımıdır. Həmin gecəni mən də o döyüşlərdə olmuşam. Bütün hadisələri gözümlə görmüşəm. Hətta elə yaralılarımız oldu ki, biz onun bədənində sağ bir yer tapa bilmirdik ki, yarası tutan zaman incitməsin. O dəhşətləri o gün necə yaşamışamsa, bu gün də tək olanda həmin hisləri yenidən yaşayıram.
Bir anlıq duruxaraq söhbətinə davam edir…
-Ermənilərin 70-ə yaxın insanı qətlə yetirdikləri Tunel faciəsində ölənlərdən biri də həmin dövr mənimlə işləyən məktəb direktoru Aslan müəllim olubdu. Hətta qohumluğun müqəddəs növü olan kirvəmizin hamilə gəlini girov düşdü. Bizim üçün onun girov düşməyi bir nəslin belinin qırılmağı kimi bir şey idi. Çünki milli mentalitetimizə uyğun olmayan hadisə idi. Bir müddət sonra həmin gəlini geri alsaq da Xankəndində dünyaya gətirdiyi uşaq bir il ərzində vəfat etdi.
Müsahibimiz birlikdə qulluq etdiyi komandir və əsgər heyətini də unutmadı:
-Hərbi hissədə qulluq edən komandir heyətini fikrimdən keçirəndə, bəlkə də onlardan sonra yaşadığım bu həyatı özümə artıq kimi sayıram. Kövrəklikdən adlarını çəkə bilmədiyim komandir və əsgər heyətimiz 1994-cü ilin fevralında Kəlbəcəri yenidən almaq istəyərkən şəhid oldular. Bu gün fürsətdən istifadə edib həmin “N” saylı hərbi hissədə şəhid olan komandir və əsgər heyətimizi bir daha yad edirəm. Onların ruhu qarşısında baş əyirəm!
Jurnalist: Evinizdə Kəlbəcərdən yadigar əşya varmı?
İmamverdi Abbasov: Mən Kəlbəcərdən çıxanda 37 yaşımda olmuşam. Bütün gəncliyim, 37 ildə özüm üçün düzəltdiyim evim-eşiyim, ata-baba yurdum Kəlbəcərdə qalıbdı.
Kəlbəcərdən əşya kimi heç bir şey gətirməmişəm. Yalnız evimizin açarlarını uşaqlar gətiriblər. O açarlardı yadigarımız. Amma mən Kəlbəcərdən ən böyük bir var-dövlət gətirmişəm. O da yataq xəstəsi olan 102 yaşlı atamdır. Onun 1993-cü ilin aprelidən 1994-cü ilin iyuluna qədər də burada yaşaması mənim gətirdiyim ən qiymətli, ən böyük hədiyyədir. Bu gün özüm,qardaşım bacım və atamın nəvələri də o məzarı ziyarət edir. Bu mənim üçün dünyanın ən qiymətli var-dövlətidir.
Müsahibimiz yaxınlarının məzarlarını ziyarət etmək istədiyini deyir:
-Nadirxanlı kəndində babamın və bibimin qəbri var. Kənddə yad insan yox idi. Onların hər birinin qəbrini ziyarət etmək arzusundayam. Allah o günü hamıya qismət etdiyi kimi mənə də qismət etsin.
Jurnalist: Kəlbəcəri görməyən insanlara nə demək istərdiniz?
İmamverdi Abbasov: Bütün Kəlbəcəri görməyən insanlara məsləhətim budur ki, dünyanın ən möcüzəli, ən gözəl, ən ecazkar təbiətini görmək üçün uzaqlara getməsinlər . Kim dünyanın bütün gözəlliklərini, bütün sehrli aləmini görmək istəyirsə, Kəlbəcərə getməyi əvəz edir. Kəlbəcər dünyanın doğurdan da əvəzolunmaz bir guşəsidir ki, Allah onu bizə bəxş edib.
Müsahibimiz indi ki gənclikdən çox razıdır:
-Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bu gün belə gəncliyimiz var. 44 günlük müharibəni hər dəqiqə izləyən bir adam kimi müasir gəncliyimizdən çox razıyam. Dəqiq rəqəm deyə bilməsəm də, bizim verdiyimiz şəhidlərin demək olar ki, böyük üstünlüyü heç vaxt Qarabağ torpağını görməyən gənclərdir. Görmədikləri torpaq üçün özləri bilərəkdən Ali Baş komandanımızın bir əmri ilə ölümə getdilər və azad etdilər.
Biz yaşlılar arxayın dünya ilə vidalaşa bilərik ki, doğurdan da dövlətimizi, millətimizi qoruyacaq qeyrətli oğlanlarımız və qızlarımız var.
Jurnalist: Kəlbəcər 25 noyabrda azadlığına qovuşdu. Həmin gün nə hislər keçirdiniz?
İmamverdi Abbasov: Kəlbəcərin işğaldan azad olunduğu günü mən eşidəndə sevincimin həddi-hüdudu olmadı. Bilirsən, elə şeylər var ki, onun ölçüsü yoxdur. Amma bu xəbəri eşitmək, mənim üçün, bütün xalqımız üçün möcüzə idi.
Doğurdan da inanılmaz! Allahın möcüzəsidir ki, bu gün Kəlbəcərdə quruculuq, abadlıq işləri gedir.
Qarabağda görülən hər bir iş düşmənin gözünə bir xəncərdir!
Biz ona görə xoşbəxt bir millətik ki, bizim varımızı, dövlətimizi, millətin keçmişini, mədəniyyətini gözü götürməyən qüvvələr var. Həmişə varlı insanın, gözəl insanın, imkanlı insanın düşməni olur.
Bu düşmənlə də mübarizə aparmağa gücümüz, qüvvətimiz, qüdrətimiz və gəncliyimiz var.
Çay süfrəsindəki söhbətimiz isə belə yekunlaşdı:
-Kəlbəcərin Azadlıq gününü eşidəndə ilk xəyalıma rəhmətlik Sücaətin bu bəndlik şeiri oldu.
Sücaət, darıxma vaxt belə vaxtı
Hər şeyi həll edən zamandır, vaxtı
Bir gün gülə-gülə qayıdacaqdı
Bu gün ağlaya-ağlaya çıxan Kəlbəcər.
Ağlaya-ağlaya çıxan Kəlbəcər indi gülə-gülə qayıdır.
Bu günü bizə yaşadanlara Allah uzun ömür, can sağlığı versin!
Mən həmişə demişəm, heç vaxt fikirləşməmişəm ki, Kəlbəcər mənimdir. Kəlbəcər orada şəhid olan oğlanlarındı. Mən hansı gün getsəm də özümü bir nöqteyi-nəzərdən ixtiyarsız kimi sayacam ki, yox, bu torpaq qanı bura tökülən oğlanlarındı. Mənim ilk səfərim yerim hər bir kəntdə, hər bir tərəfdə şəhidlərimizin məzarını ziyarət etmək olacaqdır.
Jurnalist: Növbəti müsahibəmizin Kəlbəcərdən olması arzusuyla, SAĞOLUN!
Yusif Eyvazlı