Çirkli havanın törətdiyi bəlalar-ŞƏRH
Bölmə: Sosial › ,Tarix: 18:44 05.04.2024
Son 1 əsr ərzində mineral yanacaqlara artan tələbat insanlar üçün həyati risklərə də səbəb olub. Belə ki, havanın çirklənməsi dünyada xəstəliklərin və vaxtından əvvəl ölüm hallarının artmasına təkan verib.
Çirkli havanın həyatına son qoyduğu insanların təxminən 95%-i inkişaf etməkdə olan ölkələrdə yaşayıb. Hər il ürəyin işemik xəstəliyi, insult, ağciyər xərçəngi, xroniki obstruktiv ağciyər xəstəliyi, pnevmoniya, diabet kimi xəstəliklər nəticəsində, 6,4 milyon insan həyatını itirir. Ən yaxşı halda isə çirkli hava sinir sisteminə ciddi zərbə vurur. Nevrologiya üzrə mütəxəssis Nihat Mustafayev da bu fikri təsdiqləyir:
“Atmosferi çirkləndirən maddələr insanlara və ekosistemə mənfi təsir göstərə bilir. Havaya qarışan çirkləndiricilər müvafiq olaraq kükürd dioksid, hidrogen sulfid, karbon monoksit, azot oksidləri və digər hissəciklərdir. Bu mənada, havada oksigen səviyyəsinin normal olması insan sağlamlığının qorunması üçün vacib amildir. Beynin oksigendən istifadə edən bir orqan olduğunu nəzərə alsaq, bu komponentlərdəki balanssızlıq orqanizmin tarazlığını pozur və beyində qalıcı ziyana səbəb olur. Nəticədə orqanizmdə nevroloji xəstəliklər yaranır və mövcud xəstəliklərin şiddəti artır”.
Yaranan xəstəliklər sırasında miqren xüsusi yer tutur. “Environment International” jurnalı Cənubi Koreyada 19 minə yaxın adamın bu aqibətlə üzləşməsini xüsusilə qeyd edir. Bildirilir ki, Seulda miqren diaqnozu ilə təcili yardıma müraciət edən 18 min 921 xəstədən məlumatlar toplanıb. Məlum olub ki, havanın çirklənməsi nisbətinin artması miqrenə səbəb olur.
İnsanların canına dəyən bu zərər ölkələrin iqtisadi inkişafına da maneə yaradır. Dünya Bankının hesabatına görə, havanın çirklənməsinin sağlamlığa vurduğu zərərin dəyəri ildə 8,1 trilyon dollar təşkil edir ki, bu da qlobal ümumdaxili məhsulun 6,1%-nə bərabərdir. Belə ki, ciddi problemin həlli həm də sosial və iqtisadi inkişafı da sürətləndirəcək. Dünya Bankının araşdırmasına görə, atmosferdəki PM2.5 konsentrasiyasının 20% azalması məşğulluğun artım tempinin 16% və əmək məhsuldarlığının artım tempinin 33% artması ilə əlaqələndirilir.
İbrahimova Məryam