Rəşadətli Ordumuz

Bölmə: Sosial › ,
Tarix: 15:01 06.04.2024

O qədər şanslı nəslin nümayəndəsiyik ki biz! Bizim payımıza "Xocalı faciəsi"nin dəhşətlərini yaşamaq düşmədi, biz Şuşanın, Laçının, Kəlbəcərin və daha neçə saymadığım torpağın işğal olunduğu günlərin şahidi olmadıq. Biz insanların doğma ocaqlarından didərgin düşdüyü günləri görmədik. Amma biz tökülən qanın yerdə qalmadığının, ədalətin, haqqın zəfər çaldığının, inamın, milli birliyin, Azərbaycanlı olmaqla fəxarət duyduğumuz, anamız Azərbaycanın bütün dünyaya səs saldığı həmin günlərin şahidi olduq. Vaxtilə, eşitdiyimiz, oxuduğumuz,filmlərdə gördüyümüz, bizə qeyri-adi, mif kimi gələn hadisələri yaşadıq, canlı-canlı. Gözümüzün önündə qəhrəmanlıq salnaməsi yazıldı.

 

Keçmişi dəyişmək olmur, amma gözəl gələcəyi yaratmaq mümkündür. Torpaq uğrunda,vətən yolunda can qoyan igidlərimiz bizim üçün o qədər gözəl gələcək qurdular ki, orada didərgin, qaçqın sözü yoxdur, orada vətən həsrətinə son qoyulub, orada tariximizin utancverici səhifəsi silinib,yerinə qürur duyacağımız ağız dolusu danışacağımız sətirlər yazılıb. "Yastığımız vətən daşı, yorğanımız qar olsun" marşı ilə böyüyən oğullar sözün əsl mənasında yaşadılar bu sözü, həqiqətə çevirdilər. Hər bir azərbaycanlının qəlbində qaynayan vətənpərvərlik hissi vulkana çevrildi və qarşısındakı heç bir maneə gözünə görünmədi. Məhz bu hiss idi yaralı döyüşçünü yenidən döyüşə aparan,məhz bu hiss idi döyüşdə yaralanmış yoldaşını da çiyninə alıb əsgərimi üzüyuxarı dağlara şığıdan, məhz bu hiss idi, qələbə əzmini yaradan, məhz bu hiss idi hər bir azərbaycanlını "Bəs mən nə edə bilərəm?" deyə düşünməyə vadar edən,məhz bu hiss idi Azərbaycanı bir yumruq kimi birləşdirən! Əlbəttə ki, bu yumruğun birləşməsində Ali Baş Komandanın rolu danılmazdır. Qələbəmiz həm də doğru zamanda , doğru insanın rəhbərliyinin zəfəridir. Tanrı Azərbaycan ordusuna hər şeyi dəyişdirəcək qüdrəti, bu ordunun rəhbərinə qeyri-adi ağıl, müdriklik və lazımı gələndə vacib qərar vermək üçün cəsarət bəxş edib.İgidin yaraşığıdır sınaq, Azərbaycanın əyilən başını dikəldən mərd oğullara eşq olsun!

 

Fidan Məmmədli