Kimlərin orucu qəbul olunmur?-İlahiyyatçı AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 15:07 08.04.2024

“Bu gün ayrı-ayrılıqda nəzər yetirsək, İslam dini mövcud kainatdan daha mükəmməl bir mövqeyə malikdir. Belə ki, İslamın zahiri, şəri hökmləri olduğu kimi, mənəvi, batin hökmləri də qeydə alınır”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında İlahiyyatçı Ağa Hacıbəyli bildirib. İlahiyyatçının sözlərinə görə, Ramazan ayı boyunca biz müsəlmanların əsas hədəfi Qurani-Kərimin əxlaqına əməl etdiyimiz kimi, əhkamına da əməl etməkdir.

“Bu 2 prinsip insanı daha da gözəl şəkildə kamilləşdirir. Söz gəzdirmək, insanlar arasında narazılığa səbəb olmaq, qəlb qırmaq, yalançılıq, böhtan və s. bu kimi çirkin əməllər nəinki Ramazan ayı, heç insanlıq alamində belə məqbul sayılacaq hərəkətlər deyil. İnsanların oruc tuta-tuta bu cür çirkli əməllərə səbəb olması Allah qatında günahların yaranmasına gətirib çıxarır”.

 

Ağa Hacıbəyli bildirir ki, Ramazanda gözəl işlərin savabı artıq olduğu kimi, mənfi əməllərin də günahı ağır olur.

“Dinimizdə qılınan namazların, tutulan orucların, edilən ziyarətlərin qəbul olması üçün ən başlıca məqam gördüyümüz əməlin əxlaqi, mənəvi tərəfinin özlüyümüzdə necə uyğunlaşmasından ibarətdir”.

 

A.Hacıbəylinin sözlərinə görə, insan ona görə oruc tutur ki, o, Allahın rizasını qazana bilsin.

“Ancaq kimsə oruc tuta-tuta insanların arasında dedi-qoduya səbəb olursa, bu böyük bir günaha gətirib çıxararaq, həmin şəxsin tutduğu orucun ruhunu zədələyir. İnsan yalan danışırsa, böhtana səbəb olacaq əməllərə üz tutursa, o, tutduğu orucun savabını azaldır. Orucu pozan amillər şəriət tərəfindən müəyyən çərçivədə öz ifadəsini tapıb”.

 

İlahiyyatçı düşünür ki, müsəlman aləminə məxsus bir şəxs əsla özünü günaha batırmamalıdır.

“Ümumiyyətlə, bir müsəlman daim dürüst, doğru olmalı, kiminsə haqqına girməməli, münasibətlər arasında əngəl yaradaraq söz gəzdirməməli, qəlb qırmamalıdır. Bütün bu əməllər İslam dinində böyük bir günahların işlənməsinə vəsilə olur”, - deyə o, yekunlaşdırıb.

 

Həcər Əmiraslanlı