Liseylərin dövlət məktəbindən fərqi-Ekspert açıqladı
Bölmə: Sosial › ,Tarix: 16:04 08.04.2024
“Özəl məktəbləri əksər ümumtəhsil orta məktəblərdən fərqləndirən bir sıra cəhətlər var. Məsələn, maddi-texniki şərait (dərs otağı, istilik, idman zalı və vasitələri, qarderob, yeməkxana, sanitar qovşqaları və s.) peşəkar müəllim-pedaqoji kadr bazası, eyni zamanda isə keyfiyyətli pedaqoji prosesi təmin edən digər önəmli xüsusiyyətlərin olmasıdır”.
Bu fikirləri İnformator.az-a açıqlamasında təhsil üzrə ekspert Cahid İmanlı bildirib. Ekspertin sözlərinə görə, özəl liseyləri orta məktəblərdən fərqləndirən cəhətlər göz önündədir.
“Daha təhlükəsiz mühit-özəl liseyin mühafizə sisteminin olması, kamera ilə dəhlizlərə və otaqlara nəzarət, sinifdə şagird sayının azlığı, dərsliklərlə yanaşı digər əlavə materiallarla təmin edilmə və tez-tez biliklərin yoxlanması və ölçülməsi üçün sınaq imtahanların keçirilməsi də özəl lisey və məktəblərin üstünlükləridir”.
Cahid İmanlı düşünür ki, özəl məktəb-liseylərdə oxuyan şagirdlərin yüksək bal yığması üçün kifayət qədər üstünlük var.
“Düzdür, hər bir valideyinin arzusu övladının yüksək bal yığmasıdır, ancaq digər tərəfdən son nəticədə yüksək balı yığmaq üçün “əsas subyekt" şagird olduğu üçün liseylər öncədən valideynlərə şagirdlərin hansı potensiala malik olduğu haqda daim məlumat verir”, - deyə ekspert yekunlaşdırıb.
Həcər Əmiraslanlı