Solaxaylıq problemdir yoxsa normal hal?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:15 09.04.2024
Hər bir insan həyatında bir dəfə də olsa, solaxay insanla qarşılaşıb. Çox vaxt solaxay insanların daha ağıllı və ya fərqli qabiliyyətlərə malik olduqları deyilir. Bəs bu doğrudurmu?
Mövzuyla bağlı psixoloq Nabat Mirzəyeva "informator.az"a açıqlama verib. Psixoloq qeyd edib ki, bəzi insanların solaxay olması beyin yarımkürələrinin fəaliyyəti ilə bağlıdır:
"İnsan beyni sağ və sol yarımkürələrdən ibarətdir. Bədənimizin sağ tərəfini beynimizin sol yarımkürəsi, sol tərəfini isə beynimizin sağ tərəfi nizamlayır. Beynimizin sağ və sol yarımkürələrinin funksiyaları fərqlidir. Solaxay insanlarda beynin sağ yarımkürəsi sol yarımkürə üzərində dominatlıq etdiyinə görə burada sol daha çox üstünlük təşkil edir,yəni solaxay olur. Solaxayların "daha ağıllı" səsləndirilməsinin səbəbi beynin sağ və sol yarımkürələrin hər ikisinin aktiv olmasıdır".
Psixoloq uşağın necə solaxay olub olmadığını müəyyənləşdirməyin bir sıra yollarını qeyd edib:
"Əgər körpə sol əl ilə əşyanı götürürsə , sol əl ilə yazırsa , sol əl ilə bütün işlərini görməyə çalışırsa , biz necəki sağ əldən daha çox istifadə edirik onlarda sol əldən daha çox istifadə edirsə deməli körpə solaxaydır .Solaxaylıq genetikdir. Ana və ya ata tərəfdən yönləndirilir. Bəzən valideynlər uşağın solaxay olduğunu görüb narahat olurlar və çalışırlar, məcbur edirlərki sağ əli ilə işlərini görsün. Amma burada heç bir problem yoxdur. Uşağın solaxay olması normal bir haldır. Əgər uşaq sol əl ilə bütün işlərini görürsə və elə rahat hiss edirsə, sözsüz ki, bu halın qarşısını almağa ehtiyac yoxdur".
Zeynəb Mustafazadə