"DİM imtahanları elə təşkil etməlidir ki,..."-EKSPERT RƏYİ
Bölmə: Sosial › ,Tarix: 15:37 17.04.2024
"Bu il DİM 3 mart və 10 mart tarixlərində 105369 nəfər 11- ci sinif şagirdinin mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirib. İmtahan təhsil ictimaiyyəti arasında böyük ajiotaja səbəb oldu. Belə ki, imtahanda son illərin ən rekord göstəricisi olaraq 53 şagird mümkün olan maksimum 300 balı toplamağı bacardı".
Bu sözləri builki buraxılış imtahanlarının nəticələrini "informator.az"a şərh edərkən təhsil eksperti Cahid İmanlı söyləyib. O, bildirib ki, keçən il imtahan verən 101321 şagirddən 1 nəfər belə 300 bal toplaya bilmədi:
"Belə olanda sual yaranır- 1 ildə dəyişən nə oldu? Sualın birmənalı olaraq bir cavabı vardır. Bu ilki imtahan sualları keçən ilə nisbətən asan, aydın, anlaşıqlı və ən əsası nəhayət ki, orta məktəb bazasına daha yaxın idi. Heç bir ölkədə təhsil statistikasında bir ildə "təhsilin keyfiyyətində" bu qədər irəliyləyiş baş vermir. Üstəlik bunun baş verməsi üçün hansısa bir fenomenal islahat da keçirilməyib. Nə qədər paradoksal olsa da, keçən ilki 101321- də 0 nisbətindən fərqli olaraq bu il təxmini hər 1988 şagirddən biri 300 balı qazanmağa müvvəfəq olub Bu rəqəmi sinif komplektinə uyğunlaşdırsaq hər sinifdə şagird sayı 24-25 olan 80 sinif edir. Bu əmsal da, yəni 1988-də 1 və ya 80 sinif kontingentindən məhz 1 nəfər şagirdin ən yüksək balı yiğması imtahan suallarının daha da sadələşməsi zərurətini ortaya qoyur. Bunun mənfi tərəfindən daha çox müsbət tərəfi vardır. Orta ümumtəhsil məktəbi daha çox ilk növbədə şəxsiyyət yetişdirməlidir".
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi imtahanları elə təşkil etməlidir ki, Universitetlərin boş qalan plan yerləri olmasın:
"Ali məktəblərimizin vəzifəsi də göstəricisi zəif belə olsa, həmin şəxsiyyət kimi formalaşdırılan tələbələri mütəxəssis kimi hazırlamaq olmalıdır. Bu ilki buraxılış imtahanı suallarını hazırlayan mütəxəssisləri eləcə də bu sahədə DİM-in dəyişikliyini müsbət qiymətləndirir və təqdir edirəm. İmtahan suallarının asan olması, ali məktəbə qəbul olan tələbələrin sayının artması nəticə etibarı ilə əhalinin sosial rifahının da yaxşılaşmasına kömək edir. Yalnız attestatla xaricə ölkə Universitetlərinə üz tutan tələbələrin böyük bir hissəsinin ölkə universitetlərində qalmasını təmin edir”.
Gülnisə Əfkari