BDU-da İTV-nin baş direktorunun müavini ilə görüş-FOTO

Bölmə: Sosial › ,
Tarix: 11:26 19.04.2024

İctimai Televiziyanın (İTV) baş direktorunun müavini, "Diqqət mərkəzi" siyasi tok-şousunun aparıcısı Murad Hüseynov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb.

 

 

Əvvəlcə Yeni media və kommunikasiya nəzəriyyələri fənninin müəllimi Nüşabə Hüseynova tələbələrə qonağın fəaliyyəti barədə məlumat verib, onun televiziya sahəsindəki iş təcrübəsindən söz açıb.

 

Görüşün təşkilinə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirən Murad Hüseynov gənclərlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. O, televiziya jurnalistikasının özəllikləri, təməl prinsipləri, iş xüsusiyyətləri, kommunikasiya texnologiyalarının inkişafının jurnalistikaya təsiri barədə ətraflı məlumat verib. Tələbə-jurnalistlərin praktik vərdişlərinin formalaşmasının əhəmiyyətindən danışan qonaq gəncləri İctimai Televiziyaya təcrübə keçməyə dəvət edib: “Universitetdə toplanan nəzəri biliklərlə yanaşı, birbaşa media mühitində çalışmaq tələbələrin peşəkar jurnalist kimi yetişməsinə fayda verəcək”.

 

 

Görüşdə iştirak edən fakültə dekanı Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova belə tədbirlərin gənclərin təhsili və günyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.

 

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Həcər Əmiraslanlı