Nigahın pozulması ilə bağlı rüsum: "Boşanmaların çoxluğu narahatedicidir"-Deputat RƏYİ
Bölmə: Sosial › ,Tarix: 21:45 24.04.2024
“Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişikliklə Azərbaycanın konsulluqlarında nikahın məhkəmə qərarı əsasında pozulmasının qeydiyyata alınması ilə bağlı yeni rüsum müəyyən edilib.
Bunu Milli Məclisin plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Bu rüsumun məbləği 15 ABŞ dollarıdır. Bundan başqa, qanuna dəyişikliklə dövlət rüsumunun tutulması hallarının siyahısına vətəndaşlıq vəziyyətinin aktlarının qeydiyyatı ilə yanaşı, habelə şəhadətnamələrin verilməsi də daxil edilib", - deyə o qeyd edib.
Yeni rüsumun tətbiqi ilə bağlı Milli Məclisin üzvü Azər Badamov "informator.az"a açıqlama verib. Deputat son vaxtlar boşanmaların sayının çox olmasının narahatedici hal olduğunu qeyd edib:
""Dövlət rüsumu haqqında" qanunda edilməsinə təklif olunan dəyişiklik bu prosedurların icrası zamanı xidmət haqqının tutulmasına nəzərdə tutulmuşdur. Bu rüsum cəmi 15 dollardır və bu məbləğ heç də boşanmaların sayına təsir göstərməyəcək. Dövlət rüsumlar tətbiq etməklə belə halları nizamlaya bilməz. Boşanmaların sayının çox olmaması üçün ilk növbədə ailə quran tərəflər evlənməzdən əvvəl özlərinin gələcək baxışlarının üs-üstə düşüb düşməməsi ilə bağlı məsələyə diqqət yetirməlidirlər. Çox təəssüf ki, bəzi hallarda evlənən cütlüklər bu məsələyə diqqət yetirmədən ailə qururlar və bir müddət keçəndən sonra xasiyyətlərinin düz gəlmədiyini açıqlayaraq nigahların pozulmasına gedirlər. Subyektiv fikrim ondan ibarətdir ki, xırda məsələlərə görə ailələrin dağılmasını düzgün hal hesab etmirəm".
Zeynəb Mustafazadə