Siz sadəcə öz vətəninizdə əziz və dəyərlisiniz-Pikəxanım Əhlimanova

Bölmə: Sosial › ,
Tarix: 23:05 24.04.2024

İnfomator.az"ın  "Xaricdə təhsil alan tələbələr" rubrikasının növbəti müsahibi  Pikəxanım Əhlimanovadır.

Pikəxanım Əhlimanova kimdir?

Mən Pikəxanım Əhlimanova 1 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinə dövlət sifarişli qəbul oldum. 2015-2016 tədris ilində Tələbə Həmkarlar İttifaqı Komitəsində fakültə üzrə sədr müavini vəzifəsi üzrə fəaliyyətim olub. Həmin il həm dərslərimdə yüksək nəticə əldə etdiyim, həm də aktiv tələbə olduğum üçün "İlin Ən Yaxşı Tələbəsi” mükafatına layiq görüldüm. 2018-ci ildə 98 balla diplom işi müdafiə edərək məzun oldum. Eyni il Türkiyədən magistratura pilləsinə qəbul alsam da, 2019-da həmin təhsildən imtina edərək öz hesabıma Kocaeli Universitetinin Ətraf Mühit Mühəndisliyi fakültəsinə qəbul aldım. 2022-ci ildə 4,00 balla magistratura pilləsini bitirərək Türkiyə Bursları təqaüd programı ilə doktorantura pilləsinə qəbul aldım və hal-hazırda da Türkiyədə doktorantura pilləsində təhsilimi davam etdirəm.

Təqaüd proqramına müraciət mərhələləri nələr idi?

Türkiyə Burslarına qəbul 2 mərhələlidir. İlkin mərhələdə təhsili, şəxsi məlumatları, fəaliyyətləri göstərən sertifikatları, referans məktubları və niyyət məktubunu əhatə edən bir mərhələ var. Əgər sizin göstəriciləriniz və digər şərtlər Türkiyə Burslarına uygundursa, sizi müsahibə mərhələsinə dəvət edirlər. Bu mərhələdə də sizi dəyərləndirib təqaüdün verilib, verilməməsinə qərar verirlər. Mərhələ asan görünsə də, siz minlərlə insan içindən seçilmiş biri olursunuz. Bu səbəbdən göstəriciləriniz və vədləriniz qənaətbəxş olmalıdır.

Qazandığınız proqram nələri qarşılayır?

Türkiyə Bursları təqaüd proqramı sizi qalacaq yerlə (yataqxana), icbari tibbi sığortayla, illik təhsil haqqınızın ödənməsi və təhsil səviyyəsinə görə aylıq təqaüdlə təmin edir.

Müraciət zamanı çətinlikləriniz nələr oldu?

Müraciət zamanı ən çətin nöqtə niyyət məktubunun yazılmasıdır. Burada daha akademik dildə özünüzü ifadə etməli və edəcəyiniz işləri akademik istinadlarla təsdiqləməlisiniz. Bu da digər proseslərdən daha yorucu və çətin ola bilir.

Gələcək planlarınız nələrdir?

Türkiyədəki doktorantura təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, ali təhsil müəssisələrində akademik fəaliyyət göstərmək istəyirəm. Dünyada eləcə də ölkəmizdə bu sahə yeni olduğu üçün daha çox yeniliklər edə bilər və töhfələr verə bilərəm. Bu sahə elədir ki, sadəcə akademik həyatda yeniliklər etməklə bitmir, eyni zamanda da cəmiyyətlə birbaşa işləyərək istiqamətləndirmək lazımdır.

Türkiyədə sizi ən çox cəlb edən nə olub?

Türkiyədə ən çox məni təəccübləndirən məqam bizdən daha fərqli mədəniyyətə sahib olmaqlarıdır. Mən elə düşünürdüm ki, yaxın ölkələr olduğumuz üçün mədəniyyətlərimiz də oxşar olacaq, lakin bu belə deyil. Yemək mədəniyyətindən, insani münasibətlərə qədər çox fərqliliyə sahibik. 

Yaşadığınız ölkədə hansı problemlərlə qarşılaşırsız? 

Türkiyəni seçmə səbəbim mədəniyyətlərimizin oxşar olacağını düşünməyim idi, lakin belə olmadığı üçün çox çətinliklərlə qarşılaşdım. Mən həm öz hesabıma,həm də təqaüd proqramı ilə Türkiyədə oxumuş olsam da, hər iki vəziyyətdə də bütün problemləri özüm həll etmək məcburiyyətində qaldım. Təqaüd proqramının öhdəliyində təhsil aldığım zamanlarda səlahiyyətli şəxslərin daima dəstək olacaqlarını düşünsəm də, heç bir problemin həllində köməklik etmədiklərini görməklə bərabər, hətta kiçik problemlər (ailə yanına bir neçə aylıq getdikdə və s.) də belə təqaüdünüzün dayandırılmasıyla qarşılaşa bilərsiniz. Eyni zamanda da təqaüd proqramı sizə rəsmi şəkildə işləməyə icazə vermir. Bu da insanın daima stres altında olmasına və dolayı yolla da şəxsi, akademik həyatda daha da çətinliklər çəkməsinə səbəb olur.

Bu gün bakalavr təhsili alsaydınız nələri fərqli edərdiniz?

Mən bakalavr dövründə fərqli sahələrdə və eləcə də öz sahəmdə layihələrə qatılırdım. Təbii ki, bu layihələr mənə həm sosiallaşmaq, həm də teorik olaraq biliklər qazanmaqda çox töhfə verdi, lakin indi bakalavr olsaydım, bir az daha fərqli yanaşardım. İlk öncə ixtisaslaşmaq və təcrübi olaraq inkişaf etmək üçün müvafiq orqanlarda uzun müddətli könüllü təcrübə proqramlarına qatılardım. Hazırda Azərbaycandakı universitetlər xaricdəki universitetlərlə birbaşa əlaqədə olub tələbə mübadilələrini daha aktiv şəkildə həyata keçirməkdədir. Həmin proqramlara qatılaraq təcrübi və fərqli mədəniyyət baxımından yeniliklər əldə edə bilərlər.

Türkiyədə,ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlərə tövsiyələriniz:

Əgər məqsədiniz həqiqətən akademik baxımdan yeniliklər və fərqli təcrübələr əldə etməkdirsə, xarici ölkələrə üz tutun. Ölkədən uzaqda olmaq mənəvi, psixoloji və eyni zamanda da maddi cəhətdən heç də asan bir proses deyil. Bunu unutmayın ki, hansı ölkədə olursunuzsa olun, siz sadəcə öz vətəninizdə əziz və dəyərlisiniz, digər ölkələrdə siz sadəcə xarici vətəndaş statusundasınız.

 

Asiman Hafizqızı