"Təhsil haqları təhsilin keyfiyyəti ilə uzlaşmır"-Ekspertdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 23:36 30.04.2024
Son illərdə magistratura təhsil pilləsində elə ixtisaslar var ki, illik ödənişləri çox yüksəkdir. Ödənişlərin yüksək olması tələbələr arasında narazılıq yaradır.
Maraqlıdır ki, bu qiymət əvəzində tələbələrə yetərincə təhsil verilirmi?
Mövzuyla bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlama verib. O qeyd edib ki , təhsil haqları təhsilin keyfiyyəti ilə uzlaşmır:
"Azərbaycanda bakalavriat və magistratura daxil olmaqla, təhsil haqları yüksəkdir. Bununla yanaşı, təhsil haqları təhsilin keyfiyyəti ilə adekvat deyil, uzlaşmır. Bizim universitetlərdə ixtisaslı kadr problemi də görünən həddədir. Əksər universitetlərin tədrisi praktikadan kənar quru nəzəriyyədən ibarətdir. Başqa bir məsələ isə, təhsilin keyfiyyəti, tələbələrdən tələb olunan təhsil haqları əsaslandırılmır.
Bizdə təhsil haqları keyfiyyətə görə deyil, axına görə müəyyənləşdirilir. Bu gün axın hüquqşünaslığadırsa, o ixtisasın ödənişi çoxdur. Sabah axın fəlsəfəyə, ibtidai sinif müəllimliyinə olacaqsa, həmin ixtisasların ödənişi kəllə-çarxa çıxacaq. Bu, anormallıqdır".
Ekspert bildirib ki, qonşu ölkələrlə müqayisədə bizim ölkəmizdə illik ödəniş daha yüksəkdir:
"Ölkəmizdəki təhsil haqqı qonşu ölkələrlə müqayisədə də yüksəkdir. Məsələn, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı Azərbaycan manatı ilə 100-500 arasında dəyişir. Başqa sözlə, Azərbaycanın bir çox universitetlərinin bir illik təhsil haqqı ilə Türkiyədə bir il həm təhsil ala, həm də yaşam xərclərinizi qarşılaya bilərsiniz. Elə proses buna doğru da gedir. İlbəil xaricdə, xüsusən də Türkiyədə təhsil alan gənclərimizin sayı çoxalır. Çünki xaricə qəbul şərtləri də olduqca asandır".
Zeynəb Mustafazadə