Azərbaycanda əlavə nəqliyyat vasitələri-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 23:20 01.05.2024

İctimai nəqliyyat vasitələri nə qədər çox olarsa, insanlar bir o qədər rahat hərəkət edə bilərlər. Bu, həmçinin tıxacların azalmasına və insanların daha az vaxt sərf edərək daha çox yerə çata bilməsinə kömək edər. 

 

Bu, Azərbaycanda və Avropada necə tənzimlənir?

 

 

Hazırda ABŞ-də təhsil alan İlknur Dəmirova deyir ki, əlavə nəqliyyat vasitələrindən istifadə ştatlara görə dəyişir. Məsələn, New-York-da avtobus və metrolardan daha çox istifadə edilir. Bəzi ştatlarda isə əksinə. Səbəb insanların əksəriyyətinin şəxsi avtomobilə üstünlük verməsidir. 

 

“Motosiklet kimi alternativ nəqliyyat vasitələrindən Azərbaycanda istifadə etmək daha çətindir, bir çox ştatlarda əhalinin ehtiyacı da nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinə diqqət edilir”,-deyən İlknur Mirdəmirova yolların geniş olmasının üstünlüyünü vurğulayır.

 

İlknur trolleybus və tramvaylara rast gəlmədiyini, yaşadığı ştatda metronun bir qədər tramvaya bənzədiyini qeyd edib. O, ərazilərarası gediş-gəliş haqqında da danışıb, müşahidələrindən bəhs edib: 

 

"Məsələn, Azərbaycanda rayonlar arası gediş-gəliş bir qədər çətindir. ABŞ-dəki ştatlar fərqli ölkələr kimidir, yol uzundur. Bu baxımdan ştatlararası işləyən metrolardan istifadə edənlər var və bu metrolar sürətlidir. Özüm istifadə etməsəm də, müşahidələrimə əsasən bunu deyə bilərəm". 

 

Müsahibin sözlərinə görə son illər Wolt kimi nəqliyyat vasitələrindən istifadə edənlər çoxaldığından motorsikletlərə daha çox üstünlük verilir. 

 

Azərbaycanda yaşayan həvəskar velosipedçi İlham Əmrahov isə ölkədə velosiped yollarının olmamasından şikayətlənir. Onun sözlərinə görə, şəhəriçi və qəsəbələri birləşdirən əsas yollarda maşın sürənlərin velosipedçilərə etinadsız yanaşması velosipedçilərə maneə yaradır. Bununla yanaşı, velosiped yollarının çəkilən avtomobil yolları ilə paralel olmaması, olanların da azlığı narahat edən amillərdəndir.

 

Müsahibimiz maşın parkinqinin də problem yaratdığını, lakin qarşısı alındığını vurğulayır.

 

Bakı Dövlət Universitetinin tələbəsi Sabir Bəşirzadə isə bildirir ki, Bakıda əvvəl velosiped yollarının yanında avtomobilin bu yola daxil olmaması üçün nə isə edilməyib, lakin sonradan bu problem nəzərə alınıb. 

 

Məsələyə aydınlıq gətirən nəqliyyat eksperti Aslan Əsədov əmin edir ki, əgər iş sıx əməkdaşlıqla qurularsa, hər hansı bir şəhərin irili-xırdalığından, metropolisindən asılı olmayaraq problemlər daha tez həll ediləcək və atılan addımlar daha kəsərli olacaq. 

 

Ekspertin sözlərinə görə, nəqliyyat vasitələri arasında koordinasiya vacib amildir. O, həmçinin bu məsələlərə tıxac, ekologiya, təbiətə vurulan zərər, karbon qazının miqdarının çox olması və s. daxil edir. 

 

Aslan Əsədovun fikrincə, şəhər infrastrukturunun qurulmasında əsas meyarlardan biri piyada və velosipedlərin hərəkətidir. "Bir zolaqda hərəkət edən velosipedin müəyyən tətbiqlər, güzəştlər və digər vasitələrlə istifadəsi labüddür. Ölkəmizdə velosiped zolaqlarının tətbiqi isə başlıca perspektivli layihələrdəndir. Bunun səbəbi isə, xüsusilə, Bakı şəhərində velosipedlərdən istifadə olunması ilə bağlıdır". 

 

Azərbaycanda əvvəllər mövcud olan, lakin indi görmədiyimiz tramvay və trolleybus yollarının şəhər quruluşunda özünəməxsus payı olduğunu deyən müsahibimiz bunun səbəbinin tramvayların üstün nəqliyyat vasitəsi sayılması olduğunu bildirib: 

 

"Tramvay və trolleybusların nəqliyyatda payı ağırdır. Şəhər əhalisinin ümumi istifadəsində olan ən vacib, xatırlanan nəqliyyat vasitəsidir. Bakı şəhərinin Baş planında buna rast gəlinməsə də, gələcəkdə hansısa addımlar atıla bilər. Onların Bakı şəhərinə qayıdışı ənənəvi nəqliyyatın təşkilinin göstəricisidir".

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov mikromobillik zolaqlarından və bu mövzuda həyata keçirilən layihədən bəhs edib:

 

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı hazırlanıb. 

 

Zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir".

 

Müsahibimizin sözlərinə görə, Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft” dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb.

 

O qeyd edib ki, görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

 

"13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib", -deyən Tural Orucov avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırıldığını bildirib. 

 

İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanıldığını vurğulayıb və bu layihənin əhəmiyyəti haqqında danışaraq müsahibəni sonlandırıb:

 

"Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin artırılması planlaşdırılıb".

 

Aydan Qasımova