Türkiyədən idxal olunan pendir yararsız çıxdı-RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 20:41 02.05.2024
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirlər zamanı Agentlik əməkdaşları "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Müayinələr nəticəsində məhsuldan “E.coli” aşkarlanıb.
Bu barədə “informator.az”a açıqlamasında qida eksperti Fərid Səfərov bildirir ki, “E.coli” , adətən, çiy ət, süd və süd məhsulları, yaxşı təmizlənmiş və yuyulmamış tərəvəz və meyvələr vasitəsilə ötürülür:
“Qida məhsullarının gigiyena zəncirini pozmadan istehlak edilməsi sağlam qidalanmada mühüm meyardır. Qidanın istehsalından istehlakçıya qədər olan proses zəncirində müxtəlif mənbələrdən ötürülən mikroorqanizmlər uyğun şəraitdə sürətlə çoxalaraq keyfiyyətinin pisləşməsinə, iqtisadi itkilərə və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Xəstəliyin qarşısını almağın yolu gigiyena şəraitinə diqqət yetirməkdir. Ən mühüm qorunma yolu süfrəmizə gələn bitki və heyvan mənşəli qidaların istehsal, emal, saxlanma, daşınma və satıldığı mühitlərin gigiyenasını yaxşılaşdırmaq və bu işdə çalışan hər kəsi öyrətməkdir. Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasında “E.coli” aşkarlanması da istehsal zəncirində qaydalara riayət olunmamasının nəticəsidir”.
Məsələyə sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da münasibət bildirib. Onun sözlərinə görə, Türkiyədən gələn pendirlərdən aşkar olunan “E.coli” bakteriyas insan orqanizmində bağırsaq mikroflorasının pozulması, diareya, ishala səbəb olur:
“Xüsusilə də bağırsağın mikroflorasını pozduğuna görə immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu halın qarşısı alınmadıqda isə bir çox xəstəliklərə yoluxma riski artır. Mütləq şəkildə mənşəyi bəlli olan süd və süd məhsulları qəbul etmək lazımdır”.
Gülnisə Əfkari