XİN rəsmisi ilə dərsdə-REPORTAJ
Bölmə: Sosial › ,Tarix: 21:29 02.05.2024
AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ AYXAN HACIZADƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN JURNALİSTİKA FAKÜLTƏSİNDƏ
...Qəfil yadıma düşdü ki, bundan sonrakı dərs, yəni "Print media" fənninin dərs saatında qonağımız olacaq. Bu barədə müəllimimiz bizə bir neçə gün əvvəl bildirmiş, qonağımızın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə olacağını demişdi.
Bir yerdə olduğum qrup yoldaşımlarımın da yadına salıram. Bəzisi unutduğunu, bəzisi də bayaqdan elə bu görüşü gözlədiyini, yaxşı suallar hazırladığını deyir.
Birinci kursda oxuyuram, tələbəlik həyatına təzə başlamışam. Amma qrup yoldaşlarımı az-çox tanıyıram. Hansının nəyə necə reaksiya verəcəyini təxmin edə bilirəm. Ona görə də reaksiyalarına təəccüblənmədim.
Dərsin bitdiyinə işarə edən zəng səsi eşidilir. Bir neçə dəqiqə sonra dekan müavinimiz gəlir, 511-inci auditoriyaya getmək lazım olduğunu deyir. Tələbə dostların əksəriyyəti sevinir.
Mən tənəffüsdən istifadə edib başqa bir işimi həll etmək üçün o biri mərtəbədəki təlim-teleradio studiyasına gedirəm. Ayxan müəllim artıq buradadır. Onu daha əvvəl bir neçə dəfə fotolarda, televiziyada gördüyümdən dərhal tanıyıram.
Fakültəmizin dekanı Vüqar Zifəroğlu, studiya müdirimiz Ramin Rzayev qonağı buradakı şəraitlə tanış edirlər. Sosial məsələlər üzrə dekan müavinimiz Samir Xalidoğlu da buradır. Ayxan Hacızadə digər otaqlarla, o cümlədən, fakültəmizdə yenicə açılmış Mətbuat Şurası otağı, "Füyuzat" auditoriyası, ARB kanalının otağı ilə də tanış olur.
Hamımız birlikdə 511-ci otağa gedirik. Tələbələrin əksəriyyəti auditoriyada yerini tutub. Üçüncü kurs tələbələrinin bir hissəsi də buradadır.
Əvvəlcə dekanımız Vüqar müəllim bizə qonaq barədə məlumat verir. O, bu cür görüşlərin tələbələrin püxtələşməsində mühüm rol oynadığını qeyd edir. Razıyam. Çünki hər nə qədər nəzəriyyəni öyrənsək də, praktik fəaliyyətlə məşğul olsaq da, belə görüşlər xüsusi əhəmiyyətə malikdir. Ən azından ona görə ki, rəsmi şəxsləri tanıyır, onlarla ünsiyyət yarada bilirik. Həmçinin sual vermək bacarıqlarımız da inkişaf edir.
Təxminən 10 dəqiqədən sonra söz Ayxan Hacızadəyə verilir.
O, XİN-in mətbuat xidmətinin fəaliyyət mexanizmindən, rəqəmsal diplomatiyadan, böhran vəziyyətində kommunikasiyadan, müasir texnologiyalardan və dezinformasiyalardan söhbət açaraq tələbələri məlumatlandırır. Ayxan müəllim gənclərin nazirlikdə işə götürülməsi və könüllülük proqramı barədə danışır. Onun sözlərinə görə, 25 yaşına qədər olan gənclər könüllülük proqramında iştirak edə bilərlər. Ayxan Hacızadə, həmçinin söylədi ki, gənclər müvafiq imtahandan keçdikdən sonra işlə də təmin oluna bilərlər.
Sevinirəm. Birincisi, ona görə ki, qurumların gənc kadrlara üstünlük verməsi təqdirəlayiqdir. İkincisi, imtahan o deməkdir ki, şəffaflıq təmin olunur. Üçüncüsü isə siyasət mənim də diqqətimi çəkir. İndi də açıqlamalarım, müsahibələrim daha çox bu sahə ilə bağlıdır. Bəlkə, gələcəkdə elə mən də XİN-ə müraciət etdim...
Ayxan Hacızadənin fikirlərini konkret nümunələrlə əsaslandırması diqqətimi çəkir. Bu, mühazirəni daha maraqlı edir.
Qonağımız bildirir ki, diplomat ən azı iki dil bilməlidir. Öz-özümə düşünürəm ki, gərək dil biliklərimi inkişaf etdirim. Deyəsən, bu, ən mühüm şərtdir.
Dil demişkən, bütün yollar Romaya apardığı kimi, bütün istiqamətlər də, deyəsən, ingilis dilinə aparır. Orta məktəbdə də ingilis dili keçirdik, indi də. Məncə, hələ bundan sonra da xarici dil amili bizimlə birlikdə olacaq...
Dərsin ikinci hissəsində tələbələrə sual vermələri üçün şərait yaradılır. Bizi maraqlandıran məqamlar, xüsusilə ölkənin xarici siyasət kursu ilə bağlı Ayxan Hacızadənin fikirlərini öyrənirik. Bəzi tələbələr xüsusi fəallıq göstərirlər. Məsələn, qrup yoldaşım Vüqar Alışov ard-arda bir neçə sual verir - özü də məntiqli, tutarlı.
Qonağa Cənubi Qafqazdan Yaxın Şərqə, Mərkəzi Asiyadan Şərqi Avropaya qədər müxtəlif bölgələrdə baş verən aktual hadisələrlə bağlı suallar veririk. Artıq həyəcan yoxdur. Hiss edirik ki, müəllimlərimiz də fəallığımızı təqdir edirlər. Bu, onların üzündəki məmnunluq ifadəsindən də hiss olunur.
Ayxan Hacızadə bütün suallarımızı səbirlə, ətraflı cavablandırır.
Adətən tələbələr üçün "xilaskarlıq" missiyasını oynayan zəng səsi bu dəfə ən maraqlı vaxtda eşidilir. Bəzilərimiz suallarımızı verə bilmirik. Amma təsəllimiz var. Bilirik ki, belə görüşlərimiz davamlı olacaq. Hətta növbəti dəfə nazirliyin inzibati binasına da gedə bilərik. Bunu Vüqar müəllim də, Ayxan müəllim də dedilər.
Xatirə fotosu çəkdirib Ayxan müəllimlə sağollaşırıq.
Elə bu qeydləri yekunlaşdırırdım, Ayxan Hacızadənin "X" hesabındakı paylaşımını gördüm: "Jurnalistika fakültəsində müəllim və tələbə heyəti ilə görüşməkdən məmnun oldum. Görüşümüz maraqlı müzakirələrlə yadda qaldı.
Fakültədə yaradılmış maddi-texniki baza jurnalistika peşəsinə verilən qiymətin nümunəsidir".
Adətən siyasi proseslərlə bağlı yazan, diplomatik məzmunlu paylaşımlar edən XİN rəsmisi bu dəfə bizdən yazmışdı...
Mənbə: "Şərq"
Banuçiçək Kalbalıyeva