"Onun alimliyi vətəndaşlığından doğan alimlik idi" -Həsən Əliyev
Bölmə: Sosial › ,Tarix: 17:54 03.05.2024
Ümumittifaq Torpaqşünaslıq və Ümumittifaq Coğrafiya cəmiyyətlərinin üzvü, 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Partiya Komitəsinin katibi, 1952-1957-ci illərdə AMEA-nın akademik-katibi, Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, eləcə də 1968-1987-ci illərdə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olmuş AMEA-nın həqiqi üzvü Həsən Əliyevin şəxsi fondu tədqiqatçıların sərəncamına verilib.
Fondun zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Akademik Həsən Əliyevə məxsus çoxsaylı sənədlər elmi ekspertizadan keçirilərək arxiv siyahılarına uyğun olaraq fonda daxil edilib. Müxtəlif istiqamətli elmi, pedaqoji və yaradıcı fəaliyyəti özündə cəmləşdirən fondda Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması və onların mühafizəsi, müxtəlif rayonların torpaq xəritələrinin tədqiqi, təbiətdən və təbii sərvətlərdən istifadənin elmi əsaslandırılması ilə bağlı Azərbaycan elminin dəyərli tədqiqat əsərləri Elmi irs şöbəsində daimi mühafizəyə cəlb edilib. Fondda görkəmli coğrafiyaşünas alimin elmi-populyar məqalələri, xəritələr, redaktə etdiyi əsərlər, beynəlxalq və ümumittifaq konfranslarındakı giriş nitqləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə dair sənədlər, səfər təəssüratları və xatirələri yer alıb. Akademikə məxsus fondda, həmçinin ətraf mühitə dair elmlər, kənd təsərrüfatı, ekologiya, bitkiçilik və coğrafiyanın inkişafına töhfələr verəcək araşdırmalar siyahılara uyğun şəkildə yerləşdirilib.
Azərbaycan xalqının təbiətə olan sevgisindən kənarda qala bilməyən Həsən bəy Zərdabi və Həsən Əliyev kimi dühaların vətənə olan eşqindən dolayı təbiətşünaslıq elmini seçmələri və Vətənin bənzərsiz gözəlliklərlə zəngin təbiətini qorumaq məqsədilə elmi yaradıcılıq yoluna çıxmaları cəmiyyətdə və elm aləmində maraqlı tendensiya yaradır. Azərbaycan təbiətində müxtəlif səbəblərdən torpağın xassələrinin tədricən pisləşməsi, torpaq strukturunun pozulması və torpağın münbitliyinin aşağı düşməsi nəticəsində baş verən deqradasiya prosesi zamanı – XIX əsrin II yarısı və XX əsrin II yarısında Həsən bəy Zərdabi və Həsən Əliyevin təbiətşünaslıq elminin inkişafı istiqamətində atdıqları addımlar, təbiətə kütləvi qayğı gərəkdiyini söyləyən SOS xarakterli çıxışlar, yazılar və əsərlər ölkənin nadir təbiət ünsürlərini qorumaq və Azərbaycan təbiətinə sevgi aşılamağı hədəf seçdi.
Təbiətşünas, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin “Meşəni meşəbəyilərdən qorumaq lazımdır”, “Əgər meşələr qırılarsa, yayda müsəlləh sədası, qışda isə təzək tüstüsü göylərə ucalar” kimi deyimlərilə Tuqay meşələrini qırılmaqdan qurtarmaq, meşələrin su tənzimləyici, torpaqqoruyucu rolunu və onun quraqlığa qarşı ən əlverişli mübarizə vasitəsi olduğunu xalqa çatdırmaq amalı və akademik Həsən Əliyevin məqsədləri üst-üstə düşürdü. Akademik Həsən Əliyevin ilk variantı 1976-cı ildə, II təkmil nəşri isə 1982-ci ildə işıq üzü görən “Həyəcan təbili” əsəri də öz növbəsində Azərbaycan təbiətinin deqradasiyaya uğradığının, təbiəti mühafizə üçün ölkə əhalisinin əksəriyyətinin bir araya toplaşmalı olduğunun həyəcan siqnalına çevrildi. “Biz təbiətdən mərhəmət gözləməməli, onu öz iradəmizə tabe etməliyik” deyiminə istehza edən vətən aşiqi Həsən Əliyev “tabe elə görüm necə edəcəksən” deyərək “Həyəcan təbili” kitabında quruyan çeşmə və çaylarımızın, məhv edilmiş meşələrimizin ağrı-acısından danışaraq təbiətimizin müdafiəsinə qalxırdı.
Bütün varlığı ilə ana təbiətə bağlı olan, təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti sayılan torpağa xüsusi həssaslıq və duyarlıqla yanaşan Həsən Əliyev kimi alimlərin yeri və rolu danılmazdır. “Qırmızı kitab”a düşmüş canlıların, nadir bitki və heyvanlar aləminin növlərinin təhlükə ilə üzləşməsi, məhsuldar torpaqların tədricən sıradan çıxması, eroziyaya məruz qalmış və şorlaşmış torpaqların, qırılan meşələrin, sökülən çəmənliklərin, o cümlədən toksik maddələr və çirkab sularla zəhərlənmiş torpaqların üzləşdiyi təhlükələrdən xilas edilməsi yollarının araşdırılıb göstərilməsi onun müstəsna xidmətlərindəndir.
Alim əməyi və zəngin elmi tədqiqat işindən söz düşəndə öz peşəsinə, təbiətşünaslıq, coğrafiya və ekologiya elminə vurğunluqla “Mən xalqıma çox borclu olduğumdan borcumu ödəyirəm” deyərdi. Bu onun təbiəti sadəcə olaraq sevmək xatirinə sevdiyini deyil, onu dərk edərək sevdiyini göstərirdi. Unudulmaz xidmətləri sırasında Azərbaycanda qoruqların təşkili, artırılması və onların qorunması, ətraf mühitin mühafizəsi məqsədilə cəmiyyətin təşkilatlanması və müxtəlif qurumların, ictimai nəzarət mərkəzlərinin işinə start verilməsi, bu istiqamətdəki fəaliyyəti elmi yöndə həyata keçirmək üçün şöbələrin yaradılması, 1970-ci ildə “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnalın nəşrə başlaması, o cümlədən arid, yəni quraq təbiəti olan alçaq dağlıq ərazilərdə meşəsalma fikrinin əsasının qoyulması idi.
Gülnar Hacıyeva, AMEA Rəyasət Heyəti Aparatı Elmi irs
şöbəsinin əməkdaşı