Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib-ŞƏRH
Bölmə: Sosial › ,Tarix: 20:32 03.05.2024
Mayın 3-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclası keçirilib. Görüş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) binasında təşkil olunub.
Görüşün Azərbaycan üçün əhəmiyyəti nədir və gələcək əməkdaşlıqlar üçün nə vəd edir?
Bu barədə politoloq Tural İrfan "informator.az"a açıqlamasında qeyd edir ki, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şuşada keçiriləcək Qolabal Media Forumunda iştirak edəcəklər:
"MDB dövlətləri ilə bir çox əlaqələrin mövcud olması, eyni zamanda media sahəsində də inkişafı, daha da sıx münasibətləri hədəfləyən amillərdəndir. Əsasən belə beynəlxalq tədbirlərin Qarabağda, Şuşada keçirilməsi diqqəti azad etdiyimiz torpaqlara çəkmək sarıdan çox düzgün düşünülmüş, müdrik siyasətin nəticəsidir. Həm işğal tarixi ilə, həm də gedən inkişaf dövrü ilə yaxından, əyani tanış olmaq imkanına sahib olan media rəhbərləri şübhəsiz ki, həqiqətlərin gözlə görülməsi və dünyaya çatdırılmasına vəsilə olacaqlar. Bununla yanaşı aralarında gələcək inkişafın, əməkdaşlığın dərinləşməsinin, bu yöndə hansı istiqamətdə daha səmərəli işlər görülməli olduğunu müzakirə edəcəklər".
Politoloqun fikrincə, bu forum əhəmiyyətli dərəcədə Azərbaycan üçün faydalı olacaq:
"Əsasən Qərbin, xüsusən də Fransanın dünyada müstəmləkəçilik siyasəti aparması, müasir dünya üçün təhlükə yaradaraq xalqları hələ də əsarət buxovunda saxlamağa çalışması kimi amillər də MDB dövlətlərini narahat edən, düşündürən amillərdəndir. Fəqət bu kimi məfkurənin dünyada ayaq açmaması üçün çabalar artırılmalıdır ki, buna görə də öncə media sahəsində əməkdaşlığın dərinləşməsi zəruridir".
Aytac Kərimova