Linzanın gözlər üçün zərərləri: Hansı hallarda qoyula bilər?-Həkim AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 20:38 07.05.2024

Kontakt linzalar görmə qüsurlarını düzəltmək, gözlərin rəngini dəyişdirmək və ya buynuz qişa xəstəliklərini müalicə etmək üçün istifadə olunur. Linza gün ərzində gözün xüsusi və dəyərli toxumaları ilə təmasda olur.

 

Bu təmas özü ilə hansı mənfi cəhətləri gətirə bilər?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlama verən oftalmoloq həkim Qurban İsmayılov linzaların qoyulma səbəblərindən danışıb:

 

"Cavan, uşaq və orta yaşlı insanlarda göz refraksiyanın anomaliyalarına(torlu qişada təsvirin fokuslanmasının pozulması nəticəsində görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunan oftalmoloji xəstəliklər qrupudur)rast gəlinir. Bu anomaliyaların müalicəsi ya eynək, ya linza korreksiyası və yaxud refraksiyon cərrahi əməliyyatlardan ibarətdir. Bəzi insanlar refraksiyon cərrahi əməliyyatdan qorxur. Bu zaman həkim həmin insanlara ya eynək, ya da korreksiyon optik linzalar tövsiyə edir".

 

Oftalmoloq linzanın nə vaxt əks təsir edə biləcəyi və onun funksiyaları barədə məlumat verib:

 

"Quru göz sindromu olan xəstələrə, buynuz qişa üzərində hər hansı eroziya(buynuz qişanın üst təbəqəsi yəni epidel adlanan qatın yox olmasıdır), çapıq olan xəstələrə, keratokonus(gözdəki şəffaf təbəqənin qabarıqlaşması), keratoqlobus(gözdəki buynuz qişanın periferiyasının incəlməsi) olan xəstələrə, tozlu yerdə çalışan insanlara aiddir.

 

Linzaların əsas funksiyaları, gözdə refraksiyon anomaliyaların çatmaz hissəsini göz üçün təşkil eləməkdir. Linzalar gözə buynuz qişanın üzərinə qoyulur, buynuz qişayla təmasda olur və buynuz qişanı daimi qıcıqlandırır".

 

Aysel Ağakərimova