Uşaqlara bu zaman ciddi nəzarət olunmalıdır-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:08 07.05.2024

İnternetdən istifadə qaydası günümüzün aktual mövzulardandır. Əsasən də  uşaqların internetdən istifadəsi zamanı valideynlərin onların izlədiklərinə, istifadə etdiyi proqramlara, oynadığı oyunlara nəzarəti əhəmiyyətlidir.

 

Uşaq və yeniyetmə psixoloqu Gülsənəm Vahid "informator.az"a açıqlamasında bildirib ki, internet uşaqlar üçün öyrədici, inkişafetdirici mənbə ola bilər, lakin internetdən valideynlərin nəzarəti altında olmadan istifadə uşaqların yaşlarına uyğun olmayan şiddət, zorakılıq, alkoqol, maddə istifadəsi və cinsəlllik başda olmaqla çox saylı məlumatlara və görüntülərə məruz qalmasına səbəb olur:

 

"Uşaqların, xüsusilə kiçik yaşlı uşaqların internetdən istifadəsi valideynlərin nəzarəti altında olmalıdır. Ailə daxilində internetdən istifadə ilə bağlı qaydalar və sərhədləri müəyyən etmək vacibdir. Bu qaydalar uşaqların hansı məlumatlara daxil ola biləcəyini, internetdən nə qədər istifadə edə biləcəyini və təhlükəsiz internetdən  istifadə davranışını əhatə etməlidir. Eyni zamanda uşaqların internetdən istifadəsini nəzarət altına almaq onlara sağlam rəqəmsal balansı saxlamağa və həddindən artıq istifadənin qarşısını almağa kömək edir".

 

Psixoloqun sözlərinə görə,valideynlər övladlarının internetdən istifadə etmə müddətlərindən əlavə olaraq uşaqlarının sosiallaşması və şəxsi inkişaflarının dəstəklənməsi üçün oyun oynamaq, kitab oxumaq, idman etmək, rəsm çəkmək kimi fəaliyyətlərlə məşğul ola bilərlər.

 

" Övladlarınıza internetdən təkcə əyləncə vasitəsi kimi deyil, həm də öyrənmə, tədqiqat və yaradıcılıq fəaliyyəti üçün istifadə etməyi öyrədə bilərsiniz. Uşağın yaşını və inkişaf səviyyəsini nəzərə alaraq müddət və istifadə limitlərini müəyyən etmək çox vacibdir. Valideynlərin uşaqlar üçün ekran vaxtını gün ərzində bərabər şəkildə bölüşdürmələri vacibdir. Məsələn, ekran vaxtını açıq hava fəaliyyəti, fiziki fəaliyyət və sosial əlaqə üçün vaxtı balanslaşdırmaq lazımdır.
Valideynlər olaraq biz də öz internetdən istifadə davranışlarımızı yoxlamalı və uşaqlarımız üçün yaxşı rol-model olmalıyıq. İnternetdən istifadəni məhdudlaşdırmaq və uşaqlarımıza vaxtlarını müxtəlif fəaliyyətlərdə necə keçirə biləcəklərini göstərməyimiz vacibdir".

 

Asiman Hafizqızı