Bu gün şəhid İlqar Mirzəyevin doğum günüdür
Bölmə: Sosial › ,Tarix: 12:54 08.05.2024
"Şəhidlik" - 7 hərfli bu söz canından, qanından, sevdiklərindən vaz keçən, qəlbləri vətən ilə döyünən igidlərə verilən addır.
Asta basın o torpağa,
Orda şəhid nəfəsi var.
Qan qarışmış o palçıqda,
Sönmüş şəhid həvəsi var...
Elə bu şeirdə də dediyi kimi biz bu qara torpağın üstündə rahat gəziriksə, rahat həyat yaşa biliriksə, bunu o qara toprağın alatında yatan, ruhları cənnət işığında parıldayan o şəhidlərə borcluyuq.
Vətənimizin yüzlərlə igid qəhrəmanları var. O qəhrəmanlardan da biri polkovnik İlqar Mirzəyev Anzor oğludur.
İlqar Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.
1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.Xidməti dövründə “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “ Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı və “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif olunub.
2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif olunub.
2019-cu il, fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul, 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanmışdı.Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
İlqar Mirzəyevin anası Gülnarə ana deyirdi: "Bizim ailəmiz, yaxınlarımız oğlumun savadı, əxlaqı, qorxmazlığı, ədalətliliyi, vətənpərvərliyi ilə fəxr edir. Tovuz döyüşlərinin arzuları onun ürəyində qaldı, amma onlar Tovuzdan Qarabağa bir cığır açdılar. Onlar şəhid olandan sonra bütün Azərbaycan sirkələndi. Əli silah tutan Azərbaycanın mərd oğulları bir nəfər kimi Hərbi xidmət çağırış məntəqəsinə getdilər. Onlar Ali Baş Komandandan tələb etdilər ki, əmr versin, şəhidlərimizin qisası alınsın.
Mənə söz gəldikdə isə, Bütün Azərbaycan xalqı adından Şəhid İlqar Mirzəyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr arzulayıram.
Ruhunuz şad olsun !
Gör nələr sığdırdın bir nakam ömrə
Hər kəsin yadında şən qala bildin
Güllələr susduran gülüşünlə sən
Hər kəsin könlündə köks sala bildin
Nur üzlü şəhidim rahat uyu, yat
Vətənin azaddır, torpağın azad
Qanınla yağıdan təmizlədiyin
Basmaz torpağına bir də yad ayaq.
Mayıl Soltanov