Sərhəddə "müşahidəçilər" ARTIR: Fransa bayrağının görünməsi nədən xəbər verir? -ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:39 30.10.2024
Oktyabr ayının əvvəllərində Avropa İttifaqının "müşahidəçilərinin" Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.
İndiyədək "müşahidəçilər" Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Bu, Ermənistanla Azərbaycan arasındakı münasibətləri daha da kəskinləşdirə bilərmi?
Məsələni "İnformator.az"a şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Cənubi Qafqaz uğrundakı mübarizəni region ölkələrindən istifadə edərək həyata keçirməyə çalışan kollektiv Qərb öz direktivlərini təkcə Ermənistanda tətbiq etməkdədir:
"ABŞ-ın, Avropanın lider ölkələrinin və nüfuzlu təşkilatlarının maraqlarının təmini istiqamətində İrəvan onların oyunlarına cəlb edilib. Ölkəmizə qarşı, əsasən, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra artan təzyiqlər də qlobal güclərin uzunmüddətli planların pozulmasının və Ermənistanın siyasi çəkisinin azalmasının onların maraqlarına cavab verməməsinin bariz nümunəsidir.
Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki” missiyası sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, etimadı və təhlükəsizliyi gücləndirmək, həmçinin iki ölkə arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaq adı altında fəaliyyət göstərsə də, Azərbaycana qarşı ikili standartlar və qərəzli münasibət fonunda Aİ-nin missiyasi öz məramında, sadəcə, İrəvanın maraqlarını qoruyan vasitə kimi görünür".
Şərhçinin sözlərinə görə, uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistana heç bir təzyiq göstərməyən Qərb ölkələri beynəlxalq hüquqa əsaslan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini qəbullana bilmir:
"Müxtəlif vasitələrlə ölkəmizin nüfuzuna xələl gətirmək üçün böhtan xarakterli qətnamələr qəbul edilir, qərəzli bəyanatlar səsləndirilir. Bu da Aİ-nin hibrid müharibəsinin regionda fərqli formada istifadə edildiyini göstərir. Müxtəlif məqsədlərə xidmət edən bu missiya əslində Azərbaycanın, Rusiyanın və İranın da maraqlarına ziddir və regionda gərginliyi artırır.
Maraqlı məqam isə ondan ibarətdir ki, region ölkələrinin maraqlarını nəzərə almayan Ermənistanın Qərbə təslimliyyəti onun regionun gələcəyi ilə bağlı öz mənfi baxışlarının olduğunu deməyə əsas verir. Ona görə də Aİ-nin missiyasının etibarsızlaşdırılması prosesinə Cənubi Qafqaz ölkələri və regiona yaxın dövlətlər ciddi şəkildə dəstək verməlidir".
Fidan Fərhadlı