Mobil şəbəkələrin beşinci nəsli - 5G texnologiyası nədir?
Bölmə: Maraqlı › ,Tarix: 21:19 08.11.2024
Son illərdə texnologiya dünyasında böyük maraq doğuran 5G texnologiyası, internet sürətini və əlaqə imkanlarını tamamilə yeni bir səviyyəyə qaldırmağı vəd edir. Mobil şəbəkələrin beşinci nəsli olan 5G, təkcə sürət baxımından deyil, həm də məlumatların ötürülməsi gecikməsini minimuma endirməklə və daha çox cihazı bir şəbəkəyə qoşmaqla fərqlənir.
Bəs 5G texnologiyasının əsas üstünlükləri və fərqləri nələrdir?
Bu barədə İKT üzrə mütəxəssis Vasif Qəhrəmanov "informator.az"a açıqlamasında bildirib ki, 5G texnologiyası 4G ilə müqayisədə bir sıra əsas üstünlüklər və fərqlər təqdim edir:
" Keçiricilik qabiliyyətindən tutmuş ping səviyyəsinə qədər fərqlər gözə çarpır. Ping, yəni gecikmə, 5G-də çox aşağı səviyyədədir – təxminən 1 ms, halbuki 4G-də bu, təxminən 30-50 ms təşkil edir. 5G 4G-dən 10, hətta 100 dəfə güclüdür. Teorik olaraq, saniyədə 10-20 Gb sürət təmin edə bilir ki, bu da yüksək keyfiyyətli video axınları və böyük həcmli məlumat ötürmələri , online oyunlar üçün idealdır".
Mütəxəssisin sözlərinə görə, 5G eyni anda bir sahədə daha çox cihazın şəbəkəyə qoşulmasına imkan verir:
" Həmçinin, 5G-nin aşağı gecikməsi, VR texnologiyalarının daha yüksək keyfiyyətdə işləməsini təmin edir.
Keçiricilik qüvvəsi böyük olduğu üçün qısa bir zamanda böyük məlumatları emal edə bilir."
Zəhra Məmmədova