Erkən yaşlarda xarici dilli təhsilin milli-mənəvi dəyərlərə təsiri necədir?
Bölmə: Sosial › ,Tarix: 20:45 12.11.2024
Bu gün uşaqların erkən yaşlardan xarici dilli sektorlarda təhsil alması geniş yayılıb alıb.
Bildiyimiz kimi, dil psixologiya ilə bağlı bir məsələdir, yəni dillə təfəkkürün bağlılığı var ki, bu da fəlsəfədə qəbul olunmuş bir yanaşmadır.
Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün ingilis dili və digər xarici dillərin öyrədilməsi istiqamətində bir tendensiya hiss olunur, bu istiqamətdə kütləvi meyil var:
"Şübhəsiz ki, xarici dilin mənimsədilməsi uşaq yaşlarından başlayır. Əlbəttə ki, dil psixologiya ilə bağlı bir məsələdir, yəni insan hansı dildə danışırsa, həmin dilin mənsub olduğu toplumun, millətin psixologiyasını mənimsəyir, onu anlayır və onun kimi düşünməyə başlayır. Təbii ki, dil öyrənərkən də uşaqlar hansı dili mənimsəyirlərsə, həmin dilin mənsub olduğu xalqın psixologiyasını da mənimsəyirlər. Bu da öz növbəsində onların düşüncəsində, tərzlərində, arxetiplərində, milli-mənəvi dəyərlərində əks olunur. Bu baxımdan bəzən bir sıra böyük dövlətlər dil vasitəsilə kiçik dövlətlərə qarşı ekspansiya siyasəti həyata keçirə bilirlər. Yəni böyük dövlətlərə maraqlıdır ki, onların dilləri digər ölkələrdə mənimsənsin, öyrənilsin və tədris olunsun, çünki onlar yaxşı bilirlər ki, dilləri hansı ölkədə işlənəcəksə, həmin dildə danışan insanlar kifayət qədər onların tərəfdarı olacaq, onlar kimi düşünəcək və onların mövqeyini dəstəkləyəcəklər. Bu, qeyri-iradi olaraq baş verən bir prosesdir, çünki dil psixologiya ilə bağlı bir məsələdir".
Ekspertin sözlərinə görə, milli-mənəvi dəyərlərimizin qorunması üçün xarici dil öyrətmə vəsaitlərinin metodik bazası Azərbaycan tematikası əsasında olmalıdır:
"Belə yolla biz maksimum çalışa bilərik ki, öz milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaq və uşaqlar xarici dil öyrənsələr belə, öz milli-mənəvi dəyərlərindən uzaq düşməsinlər. Yəni bu mövzuda dərsliklərin kontenti, mövzusu və tematikasının Azərbaycan dəyərləri olmasına xüsusi diqqət etməli və buna xüsusi fokuslanmalıyıq" - deyə o, fikirlərini yekunlaşdırıb.
Mahmud Əskərli