Shaki yoxsa Sheki? Coğrafi adların vahid yazılışının qəbul olması niyə lazımdır?

Tarix: 15:03 30.07.2015
Nəzakət Zeynallı
Vaxt vardı Fatma xala ev telefonunun çarxını fırlada-fırlada tələbə oğluna zəng edir, rayondan göndərdiyi sovqatın çatıb-çatmadığını soruşurdu. İndi Fatma xala keçir kompüterin önünə, Skype-a qoşularaq okeanın o biri tayında oxuyan balasına, "can bala, nə yaman arıqlamısan" deyə səslənir. Aradan yarım əsrə yaxın müddət keçib. Necə deyərlər, dövr o dövr deyil, dövr informasiya dövrüdür. İnformasiya aləmində bəzən yarı zarafat deyilən deyim də var: "Haqlı olan klaviaturada ən sürətlə çap edəndir".
Ənənəvi çap mediyası yerini onlayn mediyaya verir. Rayondakı oxucuya xəbəri ən tez ertəsi gün çatdırmaq istəyənlər, çap mediyasına üz tutur. Onlayn mediyada isə informasiya okeanında İnternet oxucusunun diqqətini "qamarlama" hadisəsi 3 dəqiqənin üzərində qurulur. 3 dəqiqə ərzində başlıq, başlıq şəkli, ilk paraqraf oxucuya maraqsız gəldisə, onun diqqəti başqa saytlara yönəlir.
Statistika Komitəsinin hesabatlarına istinadən xəbər hazırlarkən Azərbaycanın administrativ və iqtisadi regionlarının İngiliscə adlarının hesabatlarda müxtəlif cürə yazılmasına şahid oldum. (nümunə 1_18 en.xls və 1_19-20.xls)). Gadabey region - Gadabay region, Dashkesen region - Dashkasan region, Sheki region - Shaki region. Bu cür hallar yeni mediya alətlədindən istifadə edərək xəbər hazırlamaq istəyən jurnalistin işinə ciddi manedir. Data jurnasitikası dövrü, yeni mediya vasitələrinin sürətli inkişafı yerli kütləvi informasiya vasitələrindən dəyişən mediya standartlarına ayaq uydurmağı tələb edir. Dövr ölkədaxili bütün qurumlarda ingiliscə bölgə adlarının Vahid Şablona əsaslanaraq yazılmasını məcburi qılır. Vahid adlar qəbul olunduqdan sonra hazır şablon Google, Yahoo, Rambler və s. axtarış portallarına, eləcə də xəritə hazırlayan bütün müvafiq şirkət və idarələrə ötürülməlidir. Vahid şablonun tətbiqi istər yerli, istər xarici jurnalistlərin Azərbaycanla bağlı hazırladığı xəritəli, məkana istinadlı interaktiv xəbərlərin hazırlanmasında qarşılaşdığı problemləri aradan qaldıracaq.
Müxtəlif dövlət qurumlarının vahid yazılış qaydasından istifadə edə bilməməsi e-dövlət layihəsinin, jurnalist və proqramçıların işini çətinləşdirir, eləcə də ölkəyə gələn turistlərdə çaşqınlıq yaradır.
İnformasiya texnologiyaları mütəxəssisi Vahid Qasimov coğrafi adların vahid yazılış formasının olmamasının təzadlıq və qarışıqlıq yaratdığını bildirir.
"Küçə yaxud prospekt adlarının (Ak. H. Əliyev or Akademik Həsən Əliyev or Həsən Əliyev yoxsa İnqilab; Tbiliski prospekti adını dəyişib olub Moskva prospekti olsa da prospektə çıxan kiçik dalanlar hələ də Tbilisi prospektinin adını daşıyır), körpü və parkların dəqiq adları yoxdur Məs., keçmiş İliç bağı qalıb adsız. Üzbəüz S.Vurğun bağı var deyə ona da Vurğun bağı deyirlər, hərçənd o ayrı parkdır. Meydan və dairələrin adı xalq tərəfindən qoyulur (3-ün kruqu v.s.). Bakıdalı bəzi küçə adları təkrarlanır (ikisi də eyni rayonda). Məs., Xocalı küçəsi həm Xətai m-nun yanında, həm də Əhmədlidə Bakı kinoteatrının yanında var. Buna görə də bəzi evlərin fərqli qurumların bazasına görə fərqli ünvanları var. Məs. bizim ofis bir ünvana görə S.Rüstəm gedir, obirinə görə Füzuli küçəsi".
Vahid Qasımovun fikrincə, Bakıdakı küçə adlarının 28-30% Google mapsda yoxdur.
Gürcüstanda təshil aldığım müddətdə Gürcüstan və Ermənistan jurnalistlərinin aktiv şəkildə yeni mediya texnologiyalarından bəhs edən çoxsaylı təlimlərdən bəhrələndiyinin şahidi oldum. Tbilisidə və başqa regionlarda keçirilən beynəlxalq təlimlərə tərəf olaraq Dağlıq Qarabağ jurnalistləri də qatılır. Düşündürücüdür, elə deyilmi? Xəbər hazırlayarkən topladığımız bilgini Google xəritəsi üzərində göstərməli idim.
Coğrafi adların vahid yazılış standartının qəbul edilməsi və bütün axtarış portallarına, xəritəçəkmə ilə məşğul şirkətlərə verilməsi xəritələrdə rast gəlinən hər cür yanlışlıqlara vaxtında münasibət bildirməyə, səbəb olacaqdır.
Coğrafi adların yazılış ilə bağlı məsələyə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanan sorğuda qurumun Bakı Kartoqrafiya Fabrikinin “Coğrafi Adlar ” şöbəsindən cavab gəldi: Azərbaycan Respublikasının bütün rayon, şəhər, qəsəbə və kənd adlarının düzgün yazılışı və coğrafi koordinatları olmaq şərti ilə hazırlanan azərbaycan, rus və ingilis dillərində Coğrafi Adlar üzrə Dövlət Kataloqu və 2015-ci ilin axırlarında nəşr olunacaqdır.
Küçə, dalan, dairə və eyni zamanda ünvanların verilməsi, düzgün yazılışı və dəyişdirilməsi işinin Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğundan yuxarıda sadalanan problemlərin həllində qurumun müvafiq addımlar atacağına ümid edirik.