“Tilsim qırılır”: Türkiyə ilə Suriya arasında “buzlar əriyir”-ANALİZ
Bölmə: Siyasət › ,Tarix: 09:34 22.12.2024
Türkiyənin rəsmi şəxsi "Reuters" agentliyinə açıqlamasında deyib ki, PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər. O, qeyd edib ki, münaqişənin əsas səbəbi rəsmi Ankaranın bölgəyə baxışı deyil.
Adı açıqlanmayan mənbə qeyd edib ki, qarşıdurmanın əsas səbəbi PKK/YPG terror təşkilatının mövcudluğudur.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyə ilə yeni hakimiyyət arasında təmaslar intensivləşib. Bunun əsas səbəbi rəsmi Ankaranın regionda möhkəmlənmə cəhdləridir. Ehtimal etmək olar ki, Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara ilə Türkiyə arasında əvvəlcədən müəyyən danışıqlar olub və razılıq əldə edilib. Bu razılığa görə, Suriyanın yeni hakimiyyətinin ölkənin terrorçulardan təmizlənməsində Türkiyəyə dəstək verməsi istisna deyil.
Qarşıdakı günlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya səfəri gözlənilir. Bu səfər zamanı, yəqin ki, xüsusilə terrorla mübarizə məsələləri müzakirə ediləcək.
Ümumiyyətlə, bundan sonrakı mərhələdə rəsmi Ankara mümkün qədər çalışacaq ki, Suriyadakı yeni hakimiyyətə təsir imkanı çox olsun. Başqa sözlə desək, yeni iqtidarın Türkiyənin maraqlarına uyğun davranması Ankara üçün strateji əhəmiyyətli məsələdir. Bu xüsusda xarici işlər nazirinin Suriyaya səfəri xüsusi əhəmiyyətlidir.
Perspektivdə Ankara – Dəməşq münasibətlərinin inkişafı gözləniləndir. Bu isə özünü Suriyanın tamamilə terrordan təmizlənməsində və Türkiyənin təhlükəsizliyinin təmin olunmasında göstərə bilər.
Kənan Novruzov