Ermənistan yenə sərhəddə aktivləşib

Bölmə: Siyasət › ,
Tarix: 21:54 21.04.2025

 

Son günlərdə Ermənistanın sərhəd bölgələrində, xüsusilə Gorus ətrafında hərbi fəallığı artıb. Belə ki, Ermənistan Gorus istiqamətində minaatanlar yerləşdirib. Ekspertlər bu hərəkətin mümkün təxribat və ya yeni hərbi planlamaların tərkib hissəsi ola biləcəyini bildirirlər.

 

Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov bildirib ki, Ermənistan “problem var və biz bu problemin dəfinə hazırlaşırıq” imici yaratmaq istəyir:

 

"Təxminən 1 aya yaxındır ki, Azərbaycan-Ermənistan şərti sərhədində gərginlik var və bunun səbəbkarı Ermənistan və onun arxasında duran havadarlarıdır. Son günlərdə Gorus istiqamətində minaatanların yerləşdirilməsi guya əks-hücum üçündür. Yəni şərti sərhədə hücum olsa, minaatanlar burada istifadə olunur. Ermənistan nümayiş etdirmək istəyir ki, guya Azərbaycan hücum edəcək və Ermənistanda bu hücuma hazırlıq görür. Yaxın məsafəli döyüşdə minaatanlardan müdafiə olunan tərəf istifadə edir. Ermənistan “problem var və biz bu problemin dəfinə hazırlaşırıq” imici yaratmaq istəyir. Sözsüz ki, bu sülh danışıqlarına xələl gətirir. Əgər hansısa insidentlər baş verərsə, məsuliyyət Ermənistan tərəfindədir. Belə başa düşürəm ki, Ermənistan tərəfi hansısa insidentin baş verməsi tərəfdarıdır. Bununla da, Ermənistanın havadarları yenə müdafiəyə keçsin ki, baxın Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edib. Azərbaycan isə bu məsələni anlayır. Təxmin olunan hər varianta Azərbaycan hazırdır. Gorus, Qafan hətta Naxçıvan istiqamətində Ermənistan insidentlər yaratmaq istəyir. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bunları nəzərə alır və Azərbaycanın maraqlarına uyğun olaraq, bu məsələ ən doğru yolla həll olunacaq".

 

Eyni mövzunu şərh edən politoloq Aytən Qurbanova isə bildirib ki, istisnasız olaraq onu da qeyd etmək lazımdır ki, bu təxribatların hər biri davam edən sülh danışıqları çərçivəsində etimadsızlıq mühiti yaradan başlıca səbəblərdən biridir:

 

"Təbii ki, Ermənistanın Gorus istiqamətində minaatanlar yerləşdirməsi gərginliyin yenidən artmasını hədəfləyən ciddi addımdır. Xüsusilə də son günlərdə artan bu təxribatların əsas hədəfi sülh prosesindən diqqəti yayındıraraq yeni süni münaqişə ocağı yaradaraq hərbi qarşıdurmaya zəmin hazırlamaqdır. İstisnasız olaraq onu da qeyd etmək lazımdır ki, bu təxribatların hər biri davam edən sülh danışıqları çərçivəsində etimadsızlıq mühiti yaradan başlıca səbəblərdən biridir. Ona görə də, bütün bu gərginliklər fonunda əldə olunmuş razılıqlar da öz əhəmiyyətini tədricən itirə bilər. Çünki Azərbaycanın təmkinli mövqeyi real təhdidlər olduğu anda dəyişə və sərt addımlarla müşayiət oluna bilər. Nəticə etibarilə, Ermənistan növbəti dəfə sübut etmiş olur ki, heç də sülh istəmir və erməni cəmiyyətində hökm sürən revanşist əhval-ruhiyyə məhz mövcud hərbi-siyasi hakimiyyətin maraqlarına xidmət edir".

 

Günel Verdiyeva