Xroniki yorğunluq sendromu-Stressli iş mühiti insanları tükəndirir

Bölmə: Sosial › ,
Tarix: 21:22 28.12.2024

Xroniki yorğunluq sendromu müasir iş dünyasında geniş yayılan problemlərdən biridir.

 

Mövzu ilə bağlı psixiatr Azər Bağırov “informator.az”a verdiyi açıqlamada bu sindromun xüsusilə uzunmüddətli stress və qeyri-müəyyən iş şəraitində daha çox müşahidə olunduğunu qeyd edib:


“İş saatlarının həddən artıq çox olması tükənmişliyə səbəb olur. Bu sindrom əsasən uzun müddət stress altında çalışan insanlarda ortaya çıxır. İşlə bağlı yorğunluq, diqqətin toplanmasında çətinlik, işə qarşı marağın azalması kimi hallar bu problemin əsas əlamətləridir. Xüsusilə qeyri-müəyyən iş saatlarında işləyənlər, işdən sonra da sosial media və digər kanallarla iş prosesini davam etdirənlər bu risk qrupuna daxildir”.

 

Azər Bağırov fiziki yorğunluqdan fərqli olaraq zehni yorğunluğun xroniki yorğunluq sindromunun əsas səbəbi olduğunu vurğulayıb:


“Tükənmişlik sindromu beynin uzun müddət fasiləsiz fokuslanması nəticəsində yaranır. Beyin davamlı olaraq istirahət etmədikdə, diqqət funksiyaları pozulur və xroniki yorğunluq halına gəlir. Multitasking, yəni bir neçə işi eyni anda görmək, beyini daim yükləyir və sürətlə yorğunluğa səbəb olur. Bu səbəbdən işlərin düzgün paylaşdırılması olduqca vacibdir. Xüsusilə bank müdirləri, şəxsi biznes sahibləri və yüksək vəzifəli şəxslər bu vəziyyətdən daha çox əziyyət çəkirlər”.


Asiya Zeynallı