Mülki Prosessual Məcəlləyə Dəyişikliklər: Məhkəmə Sistemində Səmərəliliyə Doğru Addım

Bölmə: Sosial › ,
Tarix: 21:02 29.12.2024

"2024-cü il dekabrın 13-də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklər məhkəmə proseslərinin səmərəliliyini artırmaq məqsədi daşıyır".

 

 Bu sözləri Hüquqşünas Tağı Hüseynov "İnformator.az" saytına açıqlamasında qeyd edib.

 

Onun sözlərinə görə, bu qanunda digər əsas məqsəd isə vətəndaşların narazılığının aradan qaldırılmasıdır:

 

"Çünki məhkəmələrə müraciət etdikdə süründürməçiliyin çox olması hüquqşünasları, vəkilləri incidirdi. Problemi olan insanlarda istənilən halda problemlərlə bağlı aqressiya olur və məhkəmələrdə müddət olmadığı üçün bəzi məsələlərdə süründürməçilik olurdu və bu da vətəndaşların narazılığına səbəb olurdu".

 

Müsahibin sözlərinə görə, bu dəyişikliklər insanların məhkəmədəki müraciətlərinə baxılması müddətini qısaldır, asanlaşdırır və rahatlaşdırır:

 

" Çünki belə məsələlərdə müddət çox önəmlidir. Yeniliklər dedikdə isə elektron müraciətlərin geniş vüsət almasını, gələcəkdə rəqəmsal inkişafla bağlı müraciətləri nəzərdə tutmaq olar. Lakin bəzi vətəndaşlarımızın elektron kabineti yoxdur, ümumiyyətlə internetdən istifadə etmir. Çox istəyərdim ki, gələcəkdə apelyasiya və kassasiya şikayətlərində elektron müraciətin vacibliyini aradan qaldırsınlar".

 

Aydan Quliyeva