Orqan və toxuma transplantasiyası yaşamaq hüququ ilə bilavasitə bağlıdır

Tarix: 22:49 29.12.2024
Orqan transplantasiyası həyat qurtaran tibbi prosedur olmaqla yanaşı, həm də ciddi etik və hüquqi qaydalar çərçivəsində həyata keçirilir.
Bəs orqan transplantasiyasının hüquqi və etik baxımdan ən vacib prinsipləri hansılardır?
Bu haqqda hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib ki, orqan və toxuma transplantasiyası ən mühüm insan hüquqlarından biri olan yaşamaq hüququ ilə bilavasitə bağlıdır:
"İstər donor, istərsə də resipiyentlərin hüquq və azadlıqlarının təmin edilməsi, onların qanuni maraqlarının qorunması bu prosesdə ilkin şərt hesab olunur.
"Orqan donorluğu və transplantasiya haqqında" Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Habelə, orqan transplantasiyası zamanı meyit donorun cəsədinə ehtiramlı münasibət göstərilməsi, meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunması prinsiplərinə riayət olunmalıdır.
Orqan transplantasiyası aparılarkən resipiyent və donorun maraqları qarşılaşdırılmalı, transplantasiya donorun sağlamlığına zərər verilməməsi şərtilə həyata keçirilməlidir. Məsələn, böyrək transplantasiyası zamanı transplantasiya edilməmiş böyrəyin donorun geriyə qalan həyatını davam etdirməsi üçün uyğun olub-olmaması araşdırılmalıdır. Bundan əlavə, canlı insandan alınacaq orqan elmi, kommersiya və ya reklam məqsədi ilə deyil, yalnız resipiyentin sağalması və müalicəsi üçün istifadə edilməlidir".
Hüquqşünasın sözlərinə görə, orqan transplantasiyası yalnız resipiyentin yazılı razılığı ilə həyata keçirilə bilər:
“Bu zaman resipiyent istənilən vaxt bu razılığı geri götürmək hüququna malikdir. Resipiyentin şəxsi məlumatları, o cümlədən orqan transplantasiyası proseduru ilə bağlı məlumatları məxfi saxlanılır və yalnız qanunla müəyyən edilmiş hallarda açıqlana bilər. Resipiyentlər orqan və ya toxuma transplantasiyası üçün obyektiv qaydada vahid gözləmə siyahısına daxil edilirlər. Bununla da, resipiyentlər arasında diskriminasiyaya yol verilməsinin qarşısı alınır. Resipiyent göstərilən qaydadan kənara çıxan hallarla qarşılaşar və ya hüquq pozuntusuna məruz qalarsa, aidiyyəti dövlət orqanlarına və ya məhkəməyə şikayət etmək hüququna malikdir. Azərbaycanda orqan və toxuma transplantasiyası Beynəlxalq tibbi və etik standartlara uyğun olaraq həyata keçirilir. Dövlət nəzarəti altında aparılan transplantasiya prosedurları zamanı qanunsuz əməliyyatların qarşısının alınması məqsədilə donorların hüquqları və təhlükəsizliyi təmin edilir. Habelə, orqan transplantasiyası könüllülük prinsipi əsasında aparıldığı üçün psixi və fiziki təzyiq göstərməklə şəxsləri donorluğa məcburi cəlb etmək, qanunu pozmaqla həyata keçirilən hər hansı transplantasiya əməliyyatları ciddi şəkildə qadağan olunur”.
Nərmin Həşimova