Şəhərlərdə qeyri-rəsmi qaydalar necə formalaşır?-Küçə Mədəniyyəti

Bölmə: Sosial › ,
Tarix: 18:57 04.02.2025

Küçə mədəniyyəti, şəhər həyatının ayrılmaz hissəsi olaraq insanların gündəlik ünsiyyətindən, hərəkət qaydalarından və ictimai davranışlarından qaynaqlanır.

Mövzu ilə bağlı sosioloq Lalə Mehrall "informator.az"a açıqlamasında bildirib ki, küçə mədəniyyəti ictimai mədəniyyət formasıdır, küçədə olan insanlar-yəni cəmiyyətin bir hissəsi müəyyən davranış qaydalarına riayət etməlidir:

 

"Yol gedərkən başqalarına keçid üstünlüyü vermək, pilləkənlərdə və eskalatorlarda başqalarının yolunu kəsməmək, ictimai nəqliyyatda etik davranmaq, ucadan danışmamaq, telefonla danışarkən ətrafdakıları narahat etməmək kimi qaydalar küçə mədəniyyətinə daxildir. Hətta geyimimiz belə bu mədəniyyət çərçivəsində olmalıdır ki, başqalarına narahatlıq verməsin. Çünki bizim davranışlarımız, geyimimiz, danışığımız, jestlərimiz və mimikalarımız mədəni səviyyəmizin göstəricisidir".

 

Müsahib bildirib ki, küçə mədəniyyətinin formalaşması cəmiyyətin hər bir üzvündən asılıdır. Hər kəs-gənc, yaşlı fərq etmədən bu mədəniyyətin bir parçasıdır. Əgər biz istəsək küçə mədəniyyətini yüksək səviyyəyə qaldıra bilərik, istəməsək isə onu vulqar və bayağı bir mədəniyyətə çevirərik. Küçə bizim sosiallaşdığımız bir yerdir, ona görə də orada nə qədər mədəni davranış sərgiləsək, ətrafımızda da eyni davranışı görərik.

 

"Xüsusilə gənclərin bu məsələdə rolu böyükdür. Onlar küçə mədəniyyətinin gələcək simasını müəyyənləşdirir. Əvvəllər küçə mədəniyyəti fərqli idi, indi isə dəyişib. Bəzən görürük ki gənclər bir-birilərinə qarşı kobud əl-qol hərəkətləri edirlər, ucadan danışırlar, telefonla söhbət edərkən başqalarına narahatlıq verirlər. Təbii ki, gənclik enerjili dövrdür, amma bu mədəni davranış qaydalarına əməl etməmək üçün bəhanə ola bilməz. Küçədə olmaq, qaydalara məhəl qoymamaq anlamına gəlmir. Əksinə küçə hər birimizin həyatının bir parçasıdır və onu mədəni saxlamaq bizim borcumuzdur. Piyadalar keçid üstünlüyünü tanımır, sürücülər qaydalara riayət etmir. Qadağalar və cərimələr olmasa, çoxları qaydalara əməl etməz. Amma sivil cəmiyyətlərdə bu cür məcburiyyətlərə ehtiyac qalmır, çünki insanlar mədəni şəkildə davranmağı özləri bilirlər. Məsələn, yollarda hərəkət qaydaları var: yolun sağ tərəfi gedənlər, sol tərəfi isə qarşıdan gələnlər üçündür. Eyni qayda səkilərdə də keçərlidir, amma bizdə buna əməl edən azdır. Metrolarda, avtobuslarda isə insanları düşməyə buraxmadan özümüz minməyə çalışırıq. Halbuki normal cəmiyyətlərdə heç kimə "əvvəlcə düşənlərə yol ver" deməyə ehtiyac yoxdur, çünki bu artıq mədəniyyətin ayrılmaz hissəsinə çevrilib".


Aydan Quliyeva