12 MART - DAXİLİ QOŞUNLAR GÜNÜDÜR

Bölmə: Sosial › ,
Tarix: 18:25 12.03.2025

 

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 18 il ötür. Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır.

Qürur hissi ilə deyə bilərik ki, bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir.

Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərmiş, şəhidlər vermişlər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşmüşdür.

 

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar günü elan olunmuşdur.

 

Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirmiş, onun formalaşmasında da ümummilli liderimizin misilsiz tarixi xidmətləri olmuşdur.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçmiş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlamışdır. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.

Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.

Bir sözlə, bu gün Daxili Qoşunların şəxsi heyəti, ictimai asayişin qorunması ilə yanaşı, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüşməyə daim hazırdır.

 

Məryəm Zaliyeva